Şahin Cəfərli
Siyasət 15:29 12.07.2021

Moldova siyasi böhrandan çıxdı: Prezidenti kuklaya çevirə bilmədilər

Moldova xroniki siyasi böhrandan çıxdı.

Dünən keçirilən növbədənkənar parlament seçkilərində prezident Maya Sandunun partiyası (Fəaliyyət və Həmrəylik - PAS) 52,72% səs toplayaraq parlamentdə çoxluq formalaşdırmağa nail oldu. Onun əsas rəqibi - keçmiş prezidentlər Voronin və Dodon tərəfindən yaradılan Kommunist-Sosialist bloku 27,22% səs topladı. 5%-lik baryeri aşa bilən üçüncü və sonuncu partiya isə bank oğurluğuna görə məhkum olunmuş və ölkədən qaçmış İlan Şor adlı iş adamının Şor Partiyası oldu. (5,75%.)

Beləliklə, 101 yerdən ibarət parlamentdə PAS 63 mandat, rəqibləri isə 38 mandat əldə etdilər. Bu, ölkədə illərdir davam edən siyasi xaosa son qoymaq baxımından çox mühüm nəticədir. Moldova cəmiyyəti ideoloji və geosiyasi zəmində iki antoqonist qütbə (rusiyayönümlü - qərbyönümlü) ayrılmış toplum görüntüsündə idi və son illər heç bir tərəf parlamentdə stabil çoxluq yarada bilmirdi. Korrupsion razılaşmalar əsasında situativ ittifaqlar yaranırdı, lakin uzunömürlü olmurdu. Bundan əvvəlki prezident - İqor Dodon ölkəni Avrasiya İqtisadi İttifaqına aparmağa çalışırdı və Moldova bu qurumda müşahidəçi statusu da almışdı. Maraqlıdır ki, onu tormozlayan əsas institut Konstitusiya Məhkəməsi oldu. Köhnə parlamentdə Sosialistlər-Şor ittifaqı çoxluq yaratmışdı və erkən seçki təyin olunmasını əngəlləmək istəyirdilər ki, Maya Sandu kukla prezident kimi qalsın və öz vədlərini gerçəkləşdirə bilməyərək nüfuzdan düşsün. Lakin onların bu cəhdlərinin də qarşısını Konstitusiya Məhkəməsi kəsdi.  

Son prezident və parlament seçkilərinin nəticələri göstərir ki, Moldova toplumu yorulub və artıq əksəriyyət etibarilə geosiyasi amillərlə seçim etməkdən daha çox, ağır sosial-iqtisadi problemləri həll edə biləcəyinə inandığı liderə və partiyaya səlahiyyət verməyə meyillənib. Bunu M. Sandunun partiyasının Qaqauziya və separatçı Dnestr regionu istisna olmaqla, ölkənin hər yerində, o cümlədən Dodonun rayonu Kalaşari və Voroninin rayonu Dubossarıda açıq fərqlə qalib gəlməsi də sübut edir. (Qaqauz Yerində kommunist-sosialist bloku 80%-dən çox səs alıb.) Sandunun zəfərində Avropada yaşayan və işləyən Moldova vətəndaşlarının da böyük rolu var. Onlar prezident seçkilərində olduğu kimi, dünən də Avropanın müxtəlif şəhərlərindəki Moldova səfirlik və konsulluqlarına axışaraq (203 min nəfər) fəal şəkildə səsvermədə iştirak etdilər və PAS-a səs verdilər. Diaspora artıq Moldova siyasətinə təsir göstərən real gücə çevrilib. 

Moldova parlament respublikasıdır. Qanunverici orqanda çoxluq prezidentə öz proqramını rahat şəkildə həyata keçirmək imkanı verəcək. Moldovanın avrointeqrasiyası sürətlənəcək. Gürcüstan və Ukrayna ilə müqayisədə Moldova bu baxımdan daha əlverişli vəziyyətdədir: əvvəla, ona görə ki, Rusiya ilə quru sərhədinə malik olmamaq Dnestrdəki separatizmi daha "yumşaq" edir, bu regionun əsas xarici ticarət tərəfdaşı Avropa Birliyidir, sakinlərinin də yarısından çoxu Moldova və Ukrayna pasportları daşıyır. İkincisi, Moldovanın Rumıniya kimi himayəçisi var və gələcəkdə əhalinin əksəriyyəti tələb edərsə, Rumıniyaya birləşib, avtomatik AB və NATO məkanının bir parçası olmaq şansı da mövcuddur. Artıq Moldova vətəndaşlarının dörddə birindən çoxu Rumıniya pasportuna sahibdir.

Şahin Cəfərli