Xəbər lenti

Amal Abuşov
İdman 12:06 25.09.2023

Murad Musayevin “intiharı”

Yeni mövsümdə Misli Premyer Liqasında 6 oyun keçirən "Sabah” cəmi bir qələbə qazana bilib. Maraqlıdır ki, həmin o altı görüşün hamısında mütəxəssislər "Sabah”ı favorit sayıb, asanlıqla qələbə qazanacağını proqnozlaşdırıb. Amma Masazır təmsilçisi bu etimadı doğrulda bilməyib.

Sözsüz ki, həmin o etimad da səbəbsiz deyil. Komandanın potensialı yetərincə böyükdür. Heyətdə yaxşı, eyni zamanda da yüksək məvacib alan yerli və əcnəbi futbolçular cəmləşib. Klub rəhbərliyi komanda üçün bütün şəraiti yaradıb. Bu heyətin "sükançısı” Murad Musayevin nədənsə şikayətlənməyə haqqı yoxdur. Komanda bu potensialı ötən mövsüm sərgilədiyi oyunla sübut edib. Masazır təmsilçisi sona qədər "Qarabağ”la çempionluq mübarizəsi apardı, azı gümüş medal qazanacağına şübhə yeri qoymadı. Elə avrokuboklardakı debüt də pis alınmadı. Keçirdiyi dörd oyunun üçündə qalib gələn debütant təcrübəli "Partizan”a yalnız penalti seriyasında uduzdu ki, buna görə də onları qınayan olmadı.

Bəs indi nə baş verir? Düzdür, ötən ilki heyətin iki əhəmiyyətli üzvü indi komandayla birlikdə deyil. Aleksey Kaşukla "bakılı balası” Mikels "Sabah”dan ayrılıb. Görünən odur ki, bu iki futbolçunun yerini doldurmaq mümkün olmayıb. Amma bu faktın özü belə "Sabah”ın "Turan Tovuz”a 0:3 uduzmasına, "Kəpəz”ə bata bilməməsinə bəraət sayıla bilməz. "Sabah”ın hazırkı heyəti belə bu komandaları üstələmək, azı ilk "üçlük” uğrunda mübarizə aparmaq üçün yetərlidir. Di gəl ki, komandanın potensialını nəticəyə çevirmək, turnir cədvəlində irəliləmək mümkün olmur. Belədə bütün "oxlar” komandanın baş məşqçisi Murad Musayevə çevrilir. 

Rusiyalı çalışdırıcı hədəfdən yayınmağa, gah hakimləri, gah da klub rəhbərliyini "nişan verməyə” çalışsa da, şəxsən mənim üçün "Sabah”ın uğursuzluqlarının günahkarı odur. Təkcə bir faktın üzərində dayanacam. "Qarabağ”a məğlubiyyətdən sonra Murad bəy elə mənim də iştirak etdiyim mətbuat konfransında "Kəpəz”lə oyuna qədər ciddi hazırlaşacaqlarını, böhrandan çıxmaq üçün cəmi bir qələbəyə ehtiyac duyduqlarını demişdi. Gəncə təmsilçisi də "qara zolağa” son vermək üçün münasib rəqib idi. Yetər ki, "Sabah” meydana qələbə əzmiylə çıxıb, var qüvvəsini 3 xal üçün qoyardı. Təəccüblüdür ki, belə vacib oyundan öncə Musayev intihara bərabər olan qərar verib, komandanın əsas qapıçısı Yusif İmanovu ehtiyatda saxladı. "Sabah”ın qapısı "Kəpəz”lə oyunda təcrübəsiz (və qapıçı kimi heç fikizi göstəricilərə, görünüşə malik olmayan) Rüstəm Samiqullinə tapşırılmışdı. 

Nəticəni hamınız gördünüz. "Kəpəz”in vurduğu hər iki qolda "Sabah”ın təcrübəsiz qapıçısının kobud səhvi vardı. Kim bilir, elə bu səhvlər də onun komanda yoldaşlarının mübarizə əzmini azaltdı, "Sabah”ın futbolçularını həvəsdən saldı. Sonda da 2:2 hesablı məğlubiyyətə bərabər heç-heçə qeydə alındı. Halbuki, "Sabah” potensialına görə "Kəpəz”dən qat-qat üstündür, oyun azı 3 top fərqi ilə meydan sahiblərinin xeyrinə yekunlaşmalı idi.

Oyundan sonrakı mətbuat konfransında bu məqamı Murad bəyin diqqətinə çatdırdım, onun gənc və təcrübəsiz qapıçıya belə gərgin məqamda etimad göstərməklə intihar edib-etmədiyini soruşdum. Rusiyalı mütəxəssis sualıma konkret cavab verdi: "Нет”! Etiraf etmək, günahını boynuna almaq istəmədi. Mən başa düşürəm ki, 20 yaşını hələ tamamlamayan qapıçıya da şans vermək lazımdır, o da nə vaxtsa oynamalı, bərkiməlidir. Amma belə ağır məqamda, komanda "qara zolaq”dan çıxmağa çalışanda bunu etmək intihara bərabər idi. Bunu da Murad Musayev etdi. Keçmiş olsun!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?