COVID-19 pandemiyasından sonra özündə hər hansı bir narahatlıq hiss edən, qızdırma, öskürək olan vətəndaşlar dərhal panikaya düşürlər ki, bu da koronavirus pandemiyasının həyatımızda yaratdığı bir travmadır. Ümumiyyətlə, dekabr-fevral qrip infeksiyalarının pik həddə çatdığı aylardır. Hər il bu dövrdə yoluxma rəqəmlərində artımları görə bilirik.
Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
Onun sözlərinə görə, virus infeksiyaları çox insanda yüngül gedişli ola, bəzi yüksəkriskli şəxslərdə isə xəstəlik daha ağır keçə bilər. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə Avropanın qabaqcıl firmalarının istehsal etdiyi qrip əleyhinə vaksin gətirilib və tam ödənişsiz şəkildə vətəndaşların xidmətinə verilib.
"Sentyabr ayından vaksinin vurulmasına görə vətəndaşlara mütəmadi çağırışlar olunur. Vaksinlər, xüsusilə də, yüksək risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir. Xəstəliyi daha ağır keçirənlərə baxanda görürük ki, onların çoxu ya immun sistemi ciddi şəkildə zəifləmiş şəxslərdir, ya da immun sistemi yerində olmasına baxmayaraq, qrip əleyhinə vaksin vurulmamış insanlardır. Bu gün qrip əleyhinə vaksin vurulan vətəndaşlar arasında həmin xəstəliyin çox ağır şəkildə keçməsinə, demək olar ki, şahid olmuruq. Qrip əleyhinə vaksin viruslardan, influenzadan qorunmağın spesifik metodudur. Qeyri-spesifik metodlar var ki, bunlar hər kəsin bildiyi şəxsi gigiyena qaydaları, maskalardan istifadə olunması, xüsusilə də xəstə şəxslərin özünün maska taxması, əl gigiyenasına önəm verilməsi, sosial məsafənin qorunması və özümüzü xəstə hiss etdiyimiz vaxtlarda qapalı yerlərdən qaçmaqdır. Həmin xəstəlik hazırda özünü fərqli klinik əlamətlərlə göstərir. Əsas klassik əlamətləri boğaz ağrısı, qızdırma, öskürək, bəzən burun axıntısıdır. Xəstəliyin daha ağır gedişli hallarında isə pnevmoniyaya, orta qulağın iltihabına, mərkəzi sinir sisteminin, yəni beynin iltihabına qədər gətirib çıxara bilər. Qrip - influenza virusu RNT tərkibli olduğuna görə onun mutasiyası tez-tez müşahidə edilir. Tez-tez mutasiya olunan virusların həm klinikasında fərqli gedişlər ola bilər, bəzən də həmin xəstələrdə daha sürətli şəkildə ağırlaşma hallarının müşahidə edilməsi mümkündür. Bu il gördüyümüz xəstəliklərdə isə yuxarı tənəffüs yolu infeksiyaları daha az müşahidə olunur.
Yeni ştam daha çox qızdırma ilə müşahidə edilir və onun çox sürətli şəkildə pnevmoniya yaratmaq riski var. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən influenza virusunun mutasiyası nəzərə alınaraq qrip əleyhinə vaksin hər il ən axırıncı ştamın genomuna uyğun olaraq hazırlanır. Ona görə də bu il vurdurduğumuz peyvənd bizi bir il müddətinə qoruyur. Gələn il viruslar yeni mutasiyaya uğradığına görə bizim yeni bir peyvəndə, vaksinə ehtiyacımız olur”, - deyə mütəxəssis-ekspert qeyd edib.
Şərhlər