"Venesueladakı olayın ardınca Trampın Kuba məsələsinə də toxunmasında əsas mahiyyət ABŞ-ın Latın Amerikası, bütövlükdə Amerika qitəsinə xarici müdaxilələrin qarşısını almaq, regionda mövcud olan digər qlobal gücləri sıxışdırıb çıxarmaqdır. Hazırda Venesueladan bu tələb olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın Venesuela olayının ardınca Kubanı hədələməsini şərh edərkən deyib.
Onun fikrincə, Venesuellada başlayan proses davamlı olacaq:
"Karakasdan ucuz nefti alan Çin, Rusiya və İrana neft satışının dayandırılması tələb olunur. Eyni tələb Kuba, Kolumbiya, Meksika və digər dövlətlərə də aiddir. Tramp bu məsələdə sona qədər gedəcək və Venesuelada başlanan proses Kuba və digər dövlətlərdə də davam etdiriləcək".
"Kuba uzun müddət ABŞ-ın hər cür təzyiqlərinə dirəniş göstərib. Habelə, Latın Amerikasında bu fonda anti-Amerika koalisiyası da yarana bilər. Yəni böyük qeyri-müəyyənliklər var. Tramp özü də bunu anlayır", deyə ekspert əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində növbəti hədəfini Kubaya qarşı yönəldib. Tramp Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib: "Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.
Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb: "Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.
Rüfət Sultan
Şərhlər