Xəbər lenti

İlon Maskın X-ı
Texnologiya 17:58 09.01.2026

İlon Maskın X-ı "Gork" qalmaqalından sonra pul istəməyə başladı

İlon Maskın böyük ümidlərlə təqdim etdiyi süni intellekt asistenti "Grok" rəqəmsal dünyanın ən böyük böhranlarından birinin mərkəzinə düşüb. 

Qaynarinfo xəbər verir ki, internetdə böhran yaradan qanunsuz və cinsi məzmunlu saxta şəkillərin "Grok" vasitəsilə yaradıldığına dair sübutlar sürətlə artanda Avropa Komissiyası işə qarışıb. Komissiya X platformasına rəsmi bir məktub göndərərək, "Grok"un alqoritmləri və istifadə məlumatlarına aid bütün daxili sənədlərin 2026-cı ilin sonuna qədər saxlanmasını tələb edib.

Hadisənin ciddiyyəti yalnız saxta şəkillərlə məhdudlaşmayıb. İsveçin Baş nazir müavininin "Grok" tərəfindən yaradılan cinsi məzmunlu şəkillərə məruz qalması hadisəni son nöqtəyə çatdırıb. Lakin ən dəhşətli hesabat Britaniyadan gəlib: "Internet Watch Foundation" 11-13 yaş arası uşaqları hədəf alan qanunsuz görüntülərin "Grok" vasitəsilə yaradıldığını sənədləşdirib. Avropada siyasi liderlər tədricən hərəkətə keçərkən, Britaniya Baş naziri Kir Starmer baş verənləri "iyrənc” adlandırıb və X rəhbərliyindən dərhal konkret addımlar gözlədiklərini bildirib.

Bu "deepfake” böhranı və artan təzyiqlər X platformasını yalnız müdafiə etməkdən çıxarıb yeni addımlar atmağa məcbur edib. Şirkət, böhranın mərkəzində olan "şəkil redaktə və yaradılması” funksiyasına ani məhdudiyyət tətbiq edib. Artıq "Grok" vasitəsilə şəkil yaratmaq və ya mövcud fotoşəkilləri redaktə etmək yalnız ödənişli abunəçilər üçün mümkündür. Mask rəhbərliyi, bu addımla həm anonim sui-istifadənin qarşısını almağı, həm də bir "kimlik baryeri” yaratmağı hədəfləyir. Lakin tənqidçilər, bu cür məzmunu yalnız "ödənişli üstünlük” halına gətirməyin problemi kökündən həll etmədiyini vurğulayır.

Komissiya sözçüsü Tomas Regnier bildirib ki, bu qərar sənədlərin məhv edilməsinin qarşısını almaq üçün verilib. Rəsmi sanksiya prosesi başlamasa da, AB rəsmiləri X-in Rəqəmsal Xidmətlər Qanununa (DSA) əməl edib-etmədiyini bu sənədlər vasitəsilə yoxlayacaq. Xüsusilə "Grok"un şəkil manipulyasiyası bacarıqlarının hansı filtrdən keçdiyi diqqətlə araşdırılır. Komissiya platformanın bu təhlükəli məzmunla mübarizədə səmimi olub-olmadığını aydınlaşdırmaqda qətiyyətlidir.

X tərəfi uşaqların istismarı ilə bağlı məzmunları dərhal sildiklərini və bu hesabları daimi bağladıqlarını iddia etməyə davam edir. Şirkətə görə, süni zəka vasitəsilə qanunsuz əmrlər vermək ilə sistemə qanunsuz fayl yükləmək hüquqi baxımdan eyni cinayətdir. Lakin Avropa İttifaqının sərt mövqeyi göstərir ki, texnologiya şirkətləri artıq "biz sadəcə vasitə təmin edirik” bəhanəsi ilə məsuliyyətdən qaça bilməyəcəklər. Süni zəkanın təqdim etdiyi imkanlar nə qədər böyükdürsə, platformaların bu texnologiyanın qaranlıq tərəfi qarşısında götürdüyü məsuliyyət də o qədər ağırdır.

Aydın

--> -->