Dünya 09:00 07.12.2019

NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir? (ŞƏRH)

Londonda keçirilən NATO-nun 70 illiyi sammitinin yekun bəyannaməsində Alyansın yeni "düşməni” elan olunub. Yekun sənəddə ənənəvi olaraq "terrorizmin bütün növləri və təzahürləri ilə mübarizə” çağırışı ilə yanaşı, ilk dəfə olaraq Çinin artan nüfuzu və beynəlxalq siyasətinə vurğu edilir. 

İlk dəfə olaraq NATO-nun bəyannaməsində Çinin artan gücünün qeyd olunması hansı anlama gəlir? Pekini artıq Qərb üçün yeni düşmən hesab etmək olarmı? Növbəti "soyuq müharibə” Qərb və Çin arasında olacaq? Çinin Cibutidə hərbi baza qurması, Afrikada böyük yatırımlar etməsi, İran və İraqla yüz milyard dollarlıq anlaşmalar, Suriya hakimiyyətinə maliyyə dəstəyi Qərb üçün təhlükə hesab oluna bilərmi? Dekabrın 27-də Fars körfəzində İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək. Bu, NATO-nun narahatlğının haqlı olduğunu göstərən amildirmi? Bu və digər suallarla ekspertlərə müraciət etdik.

"Orta Doğu" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Sədrəddin Soltan perspektivdə Qərblə Çin arasında "soyuq müharibə"yə səbəb olan amilləri açıqlayıb:



"Çinin iqtisadi və hərbi qüdrətinin artması Qərbin maraqlarına ziddir və əlavə olaraq da Çində insan haqlarının ciddi şəkildə pozulması, demokratik dəyərlərin tapdanması, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi və s. məqamlar Qərblə Asiya ölkəsi arasında yarana biləcək "soyuq müharibə”yə təkan verir. Bu baxımdan, Çinlə Qərb bloku arasında "soyuq müharibə” başlaya bilər. 

NATO-nun Londonda keçirilən zirvə toplantısında qəbul edilmiş bəyannamədə Çin məsələsi xüsusi vurğulanıb. NATO bu qətnamə ilə bəyan edib ki: "Çinin artan gücünün fərqindəyik". NATO təkcə hərbi blok deyil, siyasi-hərbi blokdur. Bu o deməkdir ki, NATO ilə Çinin siyasi maraqlarının toqquşduğunu Alyans bilir. Bəs bu maraqlar harda toqquşur? NATO hərbi qüvvələri Əfqanıstanda var Çinlə maraqları burda toqquşa bilər. NATO üzv dövlətlərinin hərbi qüvvələri Cənubi Kareyada da var. Onların maraqları burda da - Şimal-Cənub Koreya münasibətlərində də toqquşa bilər. NATO üzv ölkələrinin maraqları Çin və Sarı dənizdə də toqquşa bilər. Ümumiyyətlə, NATO-nun nizamnaməsinin 5-ci maddəsinə görə, bu təşkilata üzv olan ölkələrin ərazisi təşkilatın ərazisi sayılır. Və üzv ölkələrin ərazisinə müdaxilə NATO ərazisinə müdaxilə sayılır. Bu, həm də o deməkdir ki, təşkilata üzv olan ölkələr ilə Çin arasında ziddiyətlər təşkilatla Çin arasında ziddiyətə bərabər tutulur. Bütövlükdə bəyannamədə vurğulanan əsas məsələ budur".

Çinin inkişafının Qərb ölkələri üçün təhlükəsindən də danışan ekspert bildirib ki, istənilən ölkənin qüdrəti hətta müttəfiq olsa belə, başqası üçün problem yaradır:

"Ancaq Çin təkcə iqtisadiyyatda qüdrətlənmir, o həm də sol düşüncənin, sosial-ideoloji mərkəzin hakimiyyətdə olduğu ölkədir. Çin kommunist ölkəsidir, orda təkpartiyalılıqdır, demokratik tələblər yerinə yetirilmir. Bu həm də iqtisadi cəhətdən qüdrətlənmə deyil, iqtisadi cəhətdən güclənən diktaturanın, insan haqlarına, milli haqlara hörmət etməyən dövlətin güclənməsidir. Belə bir dövlətin güclənməsi isə dünyanın siyasi, mədəni sisteminin inkişafına, bütünlükdə dövlətlərarası münasibətlərə, təhlükəsizlik, iqtisadi əlaqələr və s.-ə təhdiddir. Çin həm də iqtisadi baxımdan normal rəqabətli rəqib deyil, təhlükəli mənbə və rejim olaraq dünya üçün təhlükədir və üstəgəl bu ölkənin atom bombası var". 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, NATO-ya bu məqamda bir düşmən lazım idi: 



"Soyuq müharibə” illərində NATO-nun bir düşməni var idi, o da Sovet İttifaqı idi. SSRİ-nin 1991-ci ildə dağılması ilə "soyuq müharibə”də bitdi. Bundan sonra da NATO üçün düşmən yoxa çıxdı. Onlara yeni bir düşmən axtarışı lazım idi ki, təşkilat öz monolitliyini qoruya bilsin. Bir ara Rusiya ilə münasibətlər gərginləşdi, amma artıq Avropa ölkələrinin özləri deməyə başlayıb ki, Rusiyanı düşmən hesab etmək düzgün deyil. Bunu hətta Fransa, Türkiyə kimi ölkələrin prezidentləri də deyirdi. Həqiqətən bu gün Rusiyanın Avropa ilə sıx münasibətləri, ortaq layihələri var. Təşkilat buna görə də başqa bir düşmən axtarışına çıxıb və Çinin adını çəkməyə başlayıb. 

Ancaq Çinlə bağlı ortaq bir fikir yoxdur. Çünki Çin böyük ölkədir, böyük bazardır, böyük investisiyaları var və onunla əməkdaşlıq pozula bilər. Bu əməkdaşlığın, iqtisadi əlaqələrin pozulmaması üçün bir çox dövlət Çini özünə düşmən kimi görmək istəmir. Əslində, NATO özünə ortaq düşmən kimi "Beynəlxalq terrorizmi” götürməli və buna qarşı mübarizə aparmalıdır. Amma bütün hallarda NATO-nun az da olsa, gücü azalıb. Çünki düşmən axtarışındaykən təşkilata üzv dövlətlərin öz aralarında qovğaları artıb və bu da təşkilatı zəiflədib. Məsələn, Türkiyə-Yunanıstan, Türkiyə-Avropa ölkələri arasında gərginlik var. Hətta Fransa Prezidenti Emmanuel Makron da deyib ki, NATO beyin ölümü keçirib". 

"Bütün bu proseslərinin fonunda Qərblə Çin arasında "soyuq müharibə” yarana bilərmi" sualına cavab verən ekspert bildirib ki, bu, mümkün deyil:

"ABŞ-la Çin arasında ticarət müharibəsi gedir. Hətta bu müharibə başlayandan iki dövlət iqtisadi cəhətdən bir-birindən daha çox asılı vəziyyətə gəlib. Avropanın isə Çinlə elə bir münaqişəsi yoxdur, əksinə iqtisadi zəmində əməkdaşlıq var. Doğrudur, Çində insan haqları ilə bağlı problemlər mövcuddur. Amma bir çox dövlət bunu görməzlikdən gəlir. Çünki hansısa biri Çini tənqid etsə, iqtisadi problemlər yaşayacaq. Təşkilat üzvləri Çinin adını çəksə də, onu ortaq düşmən elan edə bilməz”. 

Çinin iqtisadi və hərbi gücünün artmasının Qərb üçün hansısa təhlükə yarada biləcəyindən danışan Elxan Şahinoğlu bildirib ki, bu dövlətlər üçün iqtisadi baxımdan hansısa bir təhlükənin olduğunu hesab etmir:

"Bu, sadəcə bir rəqabətdir. Kimin iqtisadi gücü varsa, o da həmin ərazilərə yatırım edir. Və buna görə ona "sənin iqtisadi gücün artırsa, mənim düşmənimsən” demək doğru olmaz. Rəqabət sistemidir, hamı bir-birilə rəqabət aparır. Yəni bazarda kimin rəqabət qabiliyyəti daha güclüdürsə, o da irəli çıxır. Çin də özünün bu imkanlarından istifadə edir.

O, başqa məsələdir ki, Çinin hərbi qüdrəti artır, hərbi sənaye kompleksi güclənir. Məsələn, Cibutidə hərbi baza yaratmaq istəyirlər. NATO buna mane ola bilməz. ABŞ, Rusiya hərbi bazalar yarada bilirsə, Çin niyə özünün bu hüququndan istifadə etməsin? Buna görə də Çini sıxışdıra bilməzlər". 

İran, Rusiya və Çinin körfəzdə dekabrın 27-də keçirəcəyi təlimdən də danışan ekspert bildirib ki, bu, NATO-nun narahatlığının haqlı olduğunu deməyə əsas vermir: 

"Çünki NATO özü hərbi təlimlər keçirir. Bu hərbi təlim Avropaya qarşı yönəlməyib ki, üzv ölkələr narahat olub, özlərinə hədə kimi görsünlər. Çin öz tərəfdaşları ilə Asiya bölgəsində təlim keçir. Bundan da ya Yaponiya, ya da ayrılıqda ABŞ narahat ola bilər, ancaq NATO kollegial olaraq bundan narahat ola bilməz".

Politoloq Zaur Məmmədovun fikrincə isə son zamanlar istər ABŞ-ın xüsusi xidmət orqanlarının araşdırmalarında, istərsə də NATO-nun hesabatlarında əslində Rusiyadan daha çox Çinin onlar üçün təhlükə daşıdığı göstərilir: 



"Hətta ABŞ Federal Xidmətinin Senata təqdim etdiyi illik hesabatda da 2019-cu ildə Amerika üçün təhlükə hesab olunan ölkələr siyahısına Çin başçılıq edirdi. Elə ABŞ Prezidenti Donald Trampın Çinə qarşı apardığı iqtisadi embarqo və təzyiq siyasətinin əsas məqsədi də Asiya ölkəsinin gücünü bir qədər sarsıtmaq idi". 

Ekspert hesab edir ki, Çinin sürətli inkişafının əsas baiskarı Amerikadır: 

"Hansı ki, SSRİ və ABŞ arasında "soyuq müharibə” dövründə, keçən əsrin 60-70-ci illərində Amerika tərəfindən Çin iqtisadiyyatına külli miqdarda dəstək olunurdu. Bu da onu göstərir ki, Çin tədricən öz iqtisadi siyasətindən istifadə edərək Latın Amerikası ölkələrinə siyasi təsir gücünü artırıb. Hətta biz bu gün də Çinin artan gücünü həmin ölkələrdə hiss edirik. Bu isə onunla nəticələnir ki, bu ölkələr bu və ya digər şəkildə Çinin siyasi və iqtisadi təsiri altına keçirlər. ABŞ və Rusiya hərbi gücü ilə başqa ölkələri zəbt edirsə, Çin bunu öz iqtisadi gücü ilə edir. İrandan tutmuş İraqa qədər, ümumiyyətlə, digər ərazilərdə də biz bu gün Çinin bəzi hərbi birləşmələrini və yaxud ayrı-ayrı qruplara Çin tərəfindən maliyyə yardımlarının edilməsini görürük. Məsələn, Suriyanın gələcəyi ilə bağlı Çin kompaniyalarının fəallıq göstərməsini görürük. İraqın, Suriyanın enerji layihələrində Çin şirkətlərinin iştirakı artan xətt üzrə gedir. Bu onu göstərir ki, bu gün Rusiya və ABŞ bir-birinə rəqib deyil, əsl rəqibləri Çinin özüdür".

Günay İlqarqızı