Ekonomiks 14:46 02.11.2023

Nazir: Xarici borcumuz 5 milyard dollara qədər enə bilər

Kifayət qədər mühafizəkar borclanma siyasəti həyata keçirilir. Xarici dövlət borcu üzrə bizdə kifayət qədər azalma müşahidə olunmaqdadır.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, xarici borcumuz azalacaq, təxminən 5 milyard dollara qədər enə bilər: "Bu isə şübhəsiz konkret layihələrin maliyyələşdirilməsi ilə bağlı olacaq. Hazırda bizim xarici dövlət borcu 6,5 milyard səviyyəsindədir. Növbəti ildə bizim borcun əhəmiyyətli hissəsinin qaytarılması nəzərdə tutulub. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq 10 illik istiqrazlar da buraxaq”.