Hüseynbala Səlimov
Siyasət 09:35 06.06.2022

Niyə Ərdoğanın həm problemləri, həm də şansları artır?..

Hüseynbala Səlimov

Türkiyə ilə Yunanıstanın münasibətləri heç vaxt rəvan, problemsiz olmayıb. Ötən əsrin əvəlləri bir tərəfə, sonunda da Afinanın adı daim Türkiyə və türk dünyasına qarşı geosiyasi çoxbucaqlılarda hallanırdı, tez-tez Afina-Moskva-İrəvan, hətta bəzən Afina-Moskva-İrəvan-Tehran çoxbucaqlıları haqqında ən müxtəlif mülahizələri oxuyurduq. İndiki halda da, Aralıq dənizində ciddi problemlərin yaşandığı bir dövranda iki dövlətin münasibətlərinin gərginləşməsi heç də təəccüblü görünmür. 

Amma siyasi müşahidəçilərin çoxu bu münasibətləri növbəti ilin, 2023-cü ilin prizmasından çözməyə çalışırlar. Bəlkə də ona görə ki, Yunanıstan Türkiyə ilə qarşıdurmalarda daim uduzub. Üstəgəl, bir müddət əvvəl Ankara bu müstəvidə Parislə də çox ciddi qarşıdurma yaşamışdı və bəzi təhlilçilər hətta güman edirdilər ki, məsələ hərbi qarşıdurmaya qədər gəlib çıxacaq. Amma belə olmadı, Türkiyə hərbi qarşıdurmasız da Parisə üstün gəldi.

Bəs niyə 2023-cü il? Xatırladaq ki, bir ildən sonra Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Təbii ki, bunlardan ən mühümü prezident seçkisi olacaq. Hakim partiya artıq öz namizədini elan edib və bu, sözsüz ki, R.T.Ərdoğan olacaq. Müxalifət hələ hər hansı namizəd adı çəkməyib, amma onlar da bütün güclərini Ərdoğana qarşı birləşdirəcəklərini deyirlər. O ki qaldı müxtəlif siyasi problemlərə, o cümlədən də Yunanıstanla qarşıdurmaya, təhlilçilər bu olayların hazırki prezident Ərdoğanın şanslarını artıracağının gümanındadırlar. Amma bu olaylar bu qəbildən heç də yeganə amillər deyil.

Əvvəlcə onu deyək ki, Ərdoğan çox ciddi siyasi fiqurdur. Etiraf edək ki, əvvəllər bizim ona münasibətimiz birmənalı deyildi, xüsusən də onun siyasi davranışında müşahidə olunan dini tendensiyalar ucbatından. Gəl ki, zaman özü hər şeyi yerbəyər elədi – Ərdoğan son nəticədə dinçilərlə deyil, milliyyətçilərlə siyasi ittifaqa getdi.

Həm də belə bir deyim var ki, siyasət mümkün olanın peşəsidir, mümkün olmayanla fanatlar və inqilabçılar məşğul olur. Bu mənada prezident Ərdoğanın siyasi karyerasında xüsusi məqamlar axtarmaq lazım deyil – özünün uzunmüddətli siyasi karyerasında o, nəyi bacarıbsa, nə mümkündürsə, onu edib. Hətta bir mümkünsüzə də imza atıb ki, bu da Qarabağ problemidir – bəli, İkinci Qarabağ Savaşında Ərdoğan və qardaş Türkiyə Azərbaycan üçün çox şey etdi...

Türkiyəni bu çağlarda siyasi gündəmdə saxlayan məsələlərdən biri də İsveç və Finlandiya məsələsidir. Bu problem də Ərdoğan üçün siyasi xal artırmaq, onun reytinqini çoxaltmaq gücündədir. Məsələ bundadır ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edəndə rəsmi Ankara buna dəstək verməyəcəyini bəyan etdi. Səbəbi də budur ki, bu iki Avropa ölkəsi kürd separatçılarına, xüsusən də PKK-ya dəstək verib və hətta Türkiyəyə qarşı sanksiyalar da tətbiq ediblər. 

Ankaranın etirazı səslənən kimi, İcveç və Finladniya siyasətçiləri Türkiyə ilə yaşanan anlaşılmazlıqları aradan qaldırmağa hazır olduqlarını bildirdilər. Fəqət hələ ki ortada bir şey yoxdur. Üstəlik, belə mülahizələr də səslənir ki, guya Ankara NATO daxilində Moskvaya lobbiçilik edir. Amma düşünmürük ki, belə olsun, baxmayaraq ki, rusların Türkiyə-NATO münasibətlərilə bağlı mülahizələri Andersonun nağıllaırndan heç də maraqsız deyil. 
Ən əsası odur ki, Rusiya ilə isti münasibətlərinə baxmayaraq, Türkiyə daim Ukraynanın ərazi bütövlüyünü tanıyıb, Krımı Rusiyanın tərkib hissəsi kimi qəbul etməyib. 

Ankaranın tələbləri indi də konkretdir və yaxşı olardı ki, İsveç və Finlandiya buna diplomatik ritorika ilə yox, əməli işlə cavab versinlər...