Xəbər lenti

Siyasət 15:16 21.10.2025

"10 noyabr bəyannaməsi qüvvədən düşüb" - Politoloq

"Zəngəzur dəhlizi anlayışının tarixi mahiyyətini nəzərə alaraq, Azərbaycanın tələb və istəklərinin həyata keçirməsi üçün müəyyən addımlar atması, bu dəhlizə nəzarət məsələsində təşəbbüs göstərməsi təbii haldır. Xüsudən də Ermənistanın imzaladığı 10 noyabr üçtərəfli bəyannamənin 9-cu bəndini nəzərə alsaq bunu görə bilərik".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov son günlər Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın Zəngəzur dəhlizilə bağlı Vaşinqtonda imzalanan sazişin ruhuna zidd bəyanatlar səsləndirməsini şərh edərkən deyib. 

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi həmin bəyannaməyə əsasən Rusiyanın nəzarət məsələsini qabardıb:

"Amma geosiyasi vəziyyətin dəyişməsi zamanı Bakı ABŞ prezidentinin təklif etdiyi "Tramp Marşrutu Layihəsi"nə etiraz etmədi və xoş məram göstərərək, Vaşinqton sənədlərinə imza atdı".
 


Politoloqun fikrincə, Paşinyan və Mirzoyanın dəhlizlə bağlı verdikləri son açıqlamalar daxili vəziyyətin gərginləşməsilə əlaqədar ola bilər:
 
"Onlar Ermənistan daxilində gərginliyi nəzərə alıb, belə bir bəyanat veriblər. Amma onlar da yaxşı bilirlər ki, Azərbaycanın xoş niyyətindən sui-istifadə etmək olmaz. Azərbaycan hər zaman praqmatik siyasət yürüdür".

Ekspert qeyd edir ki, Vaşinqtonda imzalanan sənədlərlə "10 noyabr bəyannaməsi" qüvvədən düşüb:

"Bu fonda Azərbaycan və Naxçıvan arasında yol da yeni müqaviləyə əsasən açılmalıdır. Çünki bir müqavilənin ömrü yeni müqavilə imzalanana kimidir. Həm də "10 noyabr bəyannaməsi"nin uzadılması şərtləri bəlli idi. Müqavilənin sonuna 6 ay qalmış müqavilə artırılmaycağı təqdirdə gücdən düşmüş hesab olunacaqdı ki, belə də oldu".

Azər Qasımov hesab edir ki, Ermənistan rəhbərliyinin daxili və xarici təzyiqlər fonunda verdiyi bu sayaq bəyanatları hələlik normal qarşılamaq lazımdır: 

"Təbii ki, məqamı çatana kimi bunu normal qarşılamalıyıq".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın "Deutsche Elle" nəşrinə müsahibəsində Azərbaycanın üçüncü ölkənin ordusunu Zəngəzur dəhlizinə yerləşdirmək istədiyini bildirib: "Bizdə belə təəssürat yaranıb ki, aylarla və illərlə davam edən danışıqlarda Azərbaycan tərəfi bu əraziyə (Qərbi Zəngəzur-red.) hansısa ekstraterritorial dəhliz əlamətləri verməyə çalışıb. Məsələn, Azərbaycan üçüncü ölkənin silahlı qüvvələrinin bu dəmir yolunda yerləşdirilməsini tələb edirdi. Yadımdadır ki, onlar Rusiya qoşunlarının dəmir yolu boyunca yerləşdirilməsindən danışırdılar. Bu, təbii ki, bizim üçün qəbuledilməz idi. Heç bir dəhliz söhbəti yoxdur, "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" var". 

Baş nazir Nikol Paşinyan isə bu arada bəyan edib ki, Ermənistan və ABŞ arasında "Tramp Marşrutu Layihəsi” üzrə danışıqlar beynəlxalq hadisələrlə əlaqədar ləngiyib. Onun sözlərinə görə, hazırda layihə məzmunun hazırlanması mərhələsindədir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->