Numerologiya ilə istəklərin gerçəkləşəcəyi və ya həyat axınının istiqamətləndiriləcəyi düşüncəsinə əsaslanan inanış forması kimi təqdim olunur. Bu yanaşmaya görə, bəzi rəqəmlərin universal enerji daşıdığı və bu enerjidən düzgün istifadə edildikdə nəticə əldə olunduğu qəbul edilir. Son dövrlərdə daha çox sosial şəbəkələrdə və fərdi inkişaf mövzulu paylaşımlarda yayılan bu anlayış, müəyyən rəqəmlərin tez-tez qarşıya çıxması və ya şüurlu şəkildə təkrar olunması ilə əlaqələndirilir.
Dini baxımdan isə numerologiyada rəqəmlərə belə mənalar yüklənməsinin elmi və ya vəhyə əsaslanan dayağı olmadığı bildirilir. Bu cür yanaşma inanclara çevrildikdə rəqəmlərə müstəqil güc aid edilməsi kimi qiymətləndirilir.
Numerologiyanın həyatımıza uğur gətirdiyinə inanmaq günah sayılırmı?
Qaynarinfo Haberturk-ə istinadən xəbər verir ki, numerologiya İslam dinində iman və təvəkkül anlayışı çərçivəsində dəyərləndirilir. Müəyyən rəqəmlərin təkrarlanması ilə kainata mesaj göndərildiyi, arzuların həyata keçdiyi və ya taleyin dəyişdirildiyi fikri dini baxımdan doğru hesab olunmur. Belə yanaşmalar rəqəmlərə müstəqil təsir gücü aid etmə riski daşıdığı üçün dini baxımdan məqbul sayılmır.
İslam inancına görə təsir və hökm yalnız Allaha məxsusdur. Hər hansı rəqəmin qoruyucu, istiqamətləndirici və ya nəticə yaradan vasitə kimi qəbul edilməsi təvəkkül anlayışı ilə uyğun gəlmir. Bu səbəbdən rəqəm ardıcıllıqlarına inanc vasitəsi kimi yanaşmaq və onlardan kömək gözləmək doğru hesab olunmur.
Bununla yanaşı, rəqəmlərin yalnız xatırlatma və ya zehni fokus vasitəsi kimi istifadə olunması dini inanc xarakteri daşımadığı halda fərqli qiymətləndirilə bilər. Lakin bu sərhəd bəzən qeyri-müəyyən olur və insan fərqində olmadan rəqəmlərə xüsusi məna yükləməyə başlaya bilər. İslamda dua, zikr və yönəliş rəqəmlərin gizli gücünə deyil, Allahın iradəsinə bağlanır. Vəhyə əsaslanmayan inanclara etibar olunmur.
Ritual nədir və İslamda caiz hesab olunurmu?
Ritual anlayışı müəyyən məqsədə çatmaq üçün təkrarlanan simvolik davranışlar toplusu kimi izah olunur və adətən inanc və ya ənənə əsaslı tətbiqlərlə əlaqələndirilir. İslamda isə ibadətlər vəhyə əsaslanır və onların forması ilə məzmunu dini mənbələrdə müəyyən edilib. Bu səbəbdən İslamdan kənar inanc sistemlərindən gələn ritual xarakterli davranışların ibadət niyyəti ilə yerinə yetirilməsi caiz hesab olunmur.
Dini baxımdan Allaha yaxınlaşmaq məqsədi daşıyan hər hansı əməl Qurani-Kərimə əsaslanmalıdır. Vəhyə söykənməyən davranışlara dini məna verilməsi düzgün sayılmır. Məsələn, şam yandırmaq, müəyyən əşyalara xüsusi məna yükləmək, rəqəmləri təkrar etməklə nəticə gözləmək və ya kainat enerjisi kimi anlayışlara inanmaq dini baxımdan riskli yanaşma hesab olunur. Çünki bu cür davranışlar fərqində olmadan başqa qüvvələrə təsir gücü aid etməyə səbəb ola bilər.
Bunun əksinə olaraq, gündəlik vərdiş xarakteri daşıyan və dini məna daşımayan təkrarlanan davranışlar ritual kimi qiymətləndirilməz. İslamda ibadət anlayışı açıq və aydın şəkildə müəyyən edilib və vasitəsiz olaraq Allaha yönəlmək prinsipi əsas götürülür. Dua, zikr və ibadət birbaşa Allaha ünvanlanır.
Günay
Şərhlər