Xəbər lenti

Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub (VİDEO)
Video 22:48 03.03.2026

Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub (VİDEO)

Abşeronda iri tutumlu avtobusların daha az sərnişin tutumuna malik nəqliyyat vasitələri ilə əvəzlənməsi narazılığa səbəb olub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən Abşeronun Masazır qəsəbəsinə hərəkət edən 569 nömrəli sərnişin avtobusları yeniləri ilə dəyişdirilib.

Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəl istismarda olan avtobuslarla müqayisədə yeni nəqliyyat vasitələri daha kiçik həcmlidir. Yer tutumunun az olması səbəbindən avtobuslar qısa müddətdə dolur və yol boyu bir çox dayanacaqlarda saxlamadan hərəkətini davam etdirir.  

Məsələ ilə bağlı daşıyıcı şirkət - "Çinar Trans" ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, 569 nömrəli marşrut xətti Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilmiş müsabiqənin nəticəsinə əsasən şirkətə həvalə olunub. Şirkət sərnişinlərin böyük tutumlu avtobuslarla bağlı istəklərinin və interval məsələsinə dair müraciətlərinin qeydə alındığını bildirib. Bu səbəbdən xətt üzrə təkrar monitorinq aparılacağı, zərurət yaranarsa intervalın azaldılması və avtobus sayının artırılması ilə bağlı müvafiq addımların atılacağı vurğulanıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 
 

 

 

 

--> -->