Qaynarinfo Anar Adilin "Şöşü” hekayəsini təqdim edir:
...Aylarla yuyulmayan saçını, üzünün kirini, üstündən gələn qoxunu təbəssümü yuyub tər-təmiz edir. O, bizim Şöşümüzdü.
Şöşünün gözləri anadangəlmə çəpdi.
Sakitcə oturub siqaretin tüsdülədir, adamlar bir yerə toplaşıb hansısa problemdən danışan kimi Şöşü də işləməyən telefonunu qulağına qoyub guya "əlaqədar təşkilatla" danışır və sonunda, üzünü adamlara tutub deyir:
"Bu məsələni də həll etdüy".
"Ay Şöşü, yenə kimin evini yıxdın?” – adamlar bir ağızdan qaqqanaq çəkib gülür. Mən isə deyirəm: "Əhsən, Şöşü, nə vaxt həll edirsən?” Tez də səhvimi düzəldirəm: "Hə e, ancaq həll etdin də. Sənsiz bu məhlə neynəyər, ay Şöşü?”
Şöşü o dəqiqə xoşbəxt olur. Sevindiyindən çəp gözlərini çıxardıb mükafat vermək istəyir. Qəribimin gözlərindən savayı kimi var, nəyi var? Anası rəhmətə gedəndən sonra dərd üstünə dərd gəldi: o çəp gözləri ağlamaqdan tutuldu. Tamam-kamal. Yerli-dibli.
Şöşünü heç vaxt kədərli, hüznlü görməmişəm. Bircə, anası rəhmətə gedəndə zar-zar ağlamışdı. Başqasının yalançısı olaram, bir də anadan olanda ağladığıydı deyilənə görə. Birinci kərə ağlayıb anasını sevindirmişdi, sonuncu dəfə də yenə anası üçün ağlayırdı.
Gözləri tutulandan sonra, düşündüyümüzün əksinə, elə bil Şöşünün gözləri açılmışdı, üstəlik çəpliyi də düzəlmişdi.
Bir dəfə siqaretindən dərin bir qüllab alıb tüstüsünü buraxmış, yaşaran gözlərini silib mənə demişdi: "Nə problemin olsa deginən, həll edim”.
Mən müalicəmi yenicə bitirmişdim. İlahi, sən mənə dərd ver. Ürəyimi zəngli saat kimi hay-küylü elə yenə. Təki, Şöşü pərt olmasın. Dərdim olsun, çarəsi üçün ona ağız açım. Hə. Hə-ə, hə-ə. Ancaq dərdin qayıtmasını gözləməyə ürək eləmədim, Şöşünü intizarda qoymağa gücüm çatmadı və qəfildən dedim: "Panik-atakam, ay Şöşü. Əncam elə, ay xatakar”.
Şöşünün cavabı nə olsa yaxşıdı: "Baş üstə. İndi zəng vurub bir saniyəyə həll edirəm”. Kənara çəkilib telefonu qulağına söykəyir, nəsə danışıb, qayıdıb gəlir: "Hə, danışdım. Deyirlər, anında həll elədik, qədeş, sən bir yoxla görüm...”
Və qəfildən mənə deyəsən: "Hə, indi də sən mənim gözlərimi açdır, görüm...” Di gəl, Şöşünün gözünün içinə bax, görüm necə baxırsan! Vay dədəm, vay.
Beləcə, Şöşü məhlənin paslı qıfıl açarına çevrilib. Qaz kəsilsə, qaz verdirəcək, su kəsilsə, su, yollar xarabdı? Yol çəkdirəcək...
Bir gün kor əsasını yerə vura-vura mənə yaxınlaşdı. Salamlaşdıq.
Sakit, yüksək əhval-ruhiyyə ilə, bir az da özünün qarşımda günahkar sayaraq dedi:
"Qədeş, səsini yaxşı görmürəm, nə problemin var, de mənə, çəkinmə. Çoxdandı sənə əl uzatmıram”.
Şüşünün o işıqlı sözü ağzından çıxıb bitməmiş işıqlar söndü. Şöşünün sözündən sonra işıqların sönməyinə necə sevindim, ilahi! Köhnə xətləri yenisi ilə əvəz edirlər deyə gündə iki-üç saat işıqsız qalırıq. Bəzən lap çox. Heç kim də zəng edib maraqlanmır. Bircə gözündən işığın gizləndiyi Şöşüdən savayı. Şöşü də işləməyən telefonuyla zəng edib işıqçıların abrını ətəklərinə bükür: "Ay xanum, bələnçi etmüyün də. Qocası var, uşağı var, işıqları tez yandırun. Yandıracıyam atovuzu sizin...”
Sevincək dedim: "Şöşü bəs işıqlar yenə söndü. Sənə əziyyət olacaq, qədeş”.
- Yooo. Dayan. Mənim telefonum evdə qalıb. Sən bi dənə yığ da. Soram ver mənə”.
Telefonumla işıqçıları yığıb çaşqınlıq içində ona verirəm.
10-15 saniyədən sonra dəstəyi operator qız götürür.
- Ay xanum, işıqlar nöş sönüb yenə? Nöşün yandırmırsuz?..
Qızın səsini mən də eşidirəm: "Hə, müəllim, bu dəqiqə sizin küçəni qoşulrar. Narahat olmayın”.
Şöşünün üzündə təbəssüm alovlanmağa başladığı an operator əlavə edir: "Mənə xəbər verdilər ki, işığı qoşuruq. Baxın görün yanır?"
Şöşünün üzünün işığı sönür, səsini udur. Sakitcə əlini cibinə atıb siqaretini çıxardır, alışdırır. İşıqlar yanır. Şöşü siqaretini yandırıb əlini çiynimə toxundurur, sonra heç nə demədən çıxıb gedir və öz dünyasında gözdən itir.
Şərhlər