ABŞ Kino Akademiyasının təşkil etdiyi 16-cı illik "Governors Awards" ("Rəhbərlər mükafatı”) tədbiri bu il 16 noyabr tarixində keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu mərasim ənənəvi olaraq gələcək "Oskar" mərasiminə bir növ məşq kimi qiymətləndirilir və burada fəxri mükafatlar təqdim olunur. Mükafatlar "həyat fəaliyyəti boyu əldə olunmuş mühüm uğurlara, kino sənətinə və elminə töhfələrə, həmçinin Akademiya qarşısındakı xidmətlərə görə" verilir.
ABŞ-ın "Variety" nəşrinin məlumatına görə, bu il fəxri "Oskar" mükafatını alanlar arasında aktyor və prodüser Tom Kruz, xoreoqraf və aktrisa Debbi Allen, istehsalat rəssamı Vinn Tomas və müğənni-prodüser Dolli Parton yer alacaq.
Akademiyanın prezidenti Canet Yanq bildirib: "Bu il "Governors Awards" mərasimi kino sahəsində dərin iz qoymuş dörd əfsanəvi şəxsi təltif edəcək. Onların sənətə olan bağlılığı və karyeralarındakı uğurlar unudulmaz təsir bağışlayır".
Canet Yanq qeyd edib ki, Debbi Allen nəsillərə təsir etmiş və müxtəlif janrlarda fəaliyyət göstərmiş parlaq xoreoqraf və aktrisadır. Tom Kruzun kino sənayesinə, xüsusilə kinoteatr təcrübəsinə və kaskadyorlar icmasına olan sarsılmaz bağlılığı isə Akademiyanı ilhamlandırıb.
Dolli Parton "Cin Herşolt" adına humanitar mükafata layiq görülərək, xeyriyyə fəaliyyətinə sadiqliyi ilə seçilib. Vinn Tomas isə öz baxış bucağı və peşəkarlığı sayəsində unudulmaz filmlərin ərsəyə gəlməsində mühüm rol oynayıb.
Qeyd edək ki, Tom Kruz bu mükafatı ilk dəfə alacaq. O, əvvəllər dörd dəfə "Oskar"a namizəd göstərilsə də, heç birində qalib olmamışdı.
Aydın
Şərhlər