"Paşinyan mövcud geosiyasi dəyişikliklər fonunda özünə yeni dəstək axtarır və bu səbəbdən Türkiyə tərəfə meyillənməyə məhkumdur".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə səfərinin yekunlarını şərh edərkən deyib.
"Son proseslər Paşinyanın Türkiyə səfərini labüd edirdi. Ona görə də bu baş verməli idi və etdi də. Putinin İrəvana artan təzyiqləri, diqqətini Cənubi Qafqaza yönəltməyə başlaması fonunda Paşinyan qəti şəkildə anladı ki, Rusiya onun hakimiyyətdə qalmasını istəmir. İkinci bir tərəfdən, Paşinyanın Ankara səfəri iqtisadi amillərlə bağlıdır", deyə Rüstəm Tağızadə bildirib.
Ekspertə görə, İrəvan Azərbaycan olmadan çalışır ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırsın:
"Bu da erməni xislətindən irəli gələn məsələdir. Ermənistan hökuməti kommunikasiya xətlərinin açılmasına razı olduqlarını desələr də, indiki məqamda onların səmimiyyətinə güvənmək olmaz. Paşinyan Ruysiyanın artan siyasi təzyiqi, geosiyasi dəyişikliklər, İranın müharibə aparması fonunda görünən odur ki, özünə yeni dəstək axtarır. Mövcud vəziyyətdə isə regionun yaxınlaşmaq üçün vacib hesab edilən ölkəsi Türkiyədir. Ona görə də Paşinyan Ankara istiqamətinə meyillənməyə məhkumdur".
Həmsöhbətimizin fikrincə, bu səfər fonunda qarşıdakı dövrdə kommunikasiyaların açılması prosesində irəliləyişlər baş verə bilər:
"Təbii ki, bu, təkcə Ermənistandan asılı deyil, geosiyasi proseslərdən də asılıdır”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən günü Türkiyədə səfərdə olub. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdə Türkiyə ilə Ermənistan arasındakı təmaslar, eləcə də Cənubi Qafqazda sülh və dialoq məsələləri müzakirə edilib. Türkiyə Prezidenti Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları zamanı əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb. Ərdoğan qeyd edib ki, Türkiyə qarşılıqlı faydaya əsaslanan yanaşma ilə regionun inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Rüfət Sultan
Şərhlər