Video 17:58 29.01.2023

Ötən gecə İranda nə baş verib? - Əsas hədəf nüvə reaktorunun tikildiyi İsfahan olub

Xəbər verdiyimiz ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərində güclü partlayışlar olub. Yerli media ən azı beş əyalətdə hücumlardan yazır: İsfahan, Kərəc, Həmədan, Qərbi və Şərqi Azərbaycan. Bundan başqa, yayılan məlumatlara görə, Ukraynadakı müharibə üçün Rusiyaya tədarük edilən pilotsuz uçuş aparatları istehsalı zavodu da atəşə tutulub.

Qaynarinfo bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Ölkənin müxtəlif şəhərlərində yanan binalarla bağlı çoxsaylı videogörüntülərə baxmayaraq, İran Müdafiə Nazirliyi yalnız İsfahandakı hərbi zavoda hücumu təsdiqləyib.

Onlar vurğulayıblar ki, dron hücumu "uğursuz” olub və heç kim xəsarət almayıb: bir PUA hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Nəticədə sexlərdən birinin dam örtüyü zədələnib. Müdafiə Nazirliyi zavodun hansı məhsullar istehsal etdiyini və zərbələrin arxasında kimin olduğunu açıqlamayıb.

Britaniya Birləşmiş Kral Müdafiə Tədqiqat İnstitutunun (RUSI) məlumatına görə, "Shahed Aviation Industries” İsfahan şəhəri yaxınlığında yerləşir və burada "Shahed" 131/136 kamikadze dronları istehsal olunur. Şəhərdə nüvə obyektləri də var. Oktyabr ayında İran İsfahanda 10 meqavatlıq yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlayıb.

Bundan əlavə, İran dövlət televiziyası ölkənin şimal-qərbində, Təbriz yaxınlığındakı neft emalı zavodunda yanğın baş verdiyini bildirib. Söhbət Dizfuldakı aviabazada, Həmədan və Rəşt şəhərlərində baş verən partlayışlardan gedir. Həmçinin Şəhid Səlimi rayonunda, Azərşəhrdə motor yağı istehsalı müəssisəsi də atəşə tutulub - orada bir neçə neft çəni partlayıb. Mallarddakı sursat anbarı da məhv edilib.

Yerli sakinlərin sözlərinə görə, partlayışlar Tehranda da baş verib. Hökumət binalarına və silah-sursat anbarlarına hücumla bağlı iddialara görə, paytaxt üzərində İran qırıcıları qaldırılıb.

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. 

"Associated Press” qeyd edir ki, Tehran dünya gücləri ilə nüvə sazişinin iflasa uğradığından İsrailin iddia edilən PUA hücumlarının hədəfinə çevrilib.

"Al Arabiya” adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, zərbələr İsrailin Qüdsdə 7 nəfərin həlak olduğu terror aktlarına cavab olaraq həyata keçirdiyi xüsusi əməliyyatın tərkib hissəsidir. 

Lakin Təl-Əvivdə bu barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. Eyni zamanda, İsrail ordu və polisi gücləndirməyə, eləcə də silah əldə etmək sistemini sadələşdirməyə başlayıb.

"The Times of Israel” xəbər verir ki, hadisədən bir neçə saat əvvəl Baş nazir Benyamin Netanyahu ölkənin "bu gecə” terrorla mübarizə üçün "bir neçə təcili addım” atacağını bildirib. Betanyahunun bəyanatı yanvarın 27-də axşam və 28-də səhər Qüdsdə baş verən terror aktlarına reaksiya olub. 

Nizami Bağırov