Köln Universitetindən olan alimlər övlad sahibi olmağın daha yüksək həyat mənası hissi ilə əlaqəli olduğunu, lakin həyat məmnuniyyətini artırmadığını aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Journal of Marriage and Family" (JMF) jurnalında dərc edilib.
Tədqiqatçılar 30 Avropa ölkəsindən 43 min nəfərdən çox insanın məlumatlarını təhlil ediblər. Respondentlər Avropa Sosial Tədqiqatı çərçivəsində sorğulanıb: onlardan ümumi həyat məmnuniyyətini və həyatlarının nə dərəcədə dəyərli və mənalı olduğunu qiymətləndirmələri istənilib.
"Təəssüf ki, valideynliklə bağlı debatlarda əsas diqqət xoşbəxtlik və məmnuniyyətə yönəldilib. Bizim araşdırmamız göstərir ki, övlad sahibi olmaq insanları avtomatik olaraq daha xoşbəxt etmir, lakin onların həyatlarını daha tez-tez mənalı və dəyərli hiss etmələrinə kömək edir", deyə araşdırmanın həmmüəllifi, doktor Ansgar Hudde bildirib.
Nəticələr göstərir ki, uşaqlarla həyat məmnuniyyətinin qavranması cinsiyyətə və sosial-iqtisadi vəziyyətə görə dəyişir. Məsələn, aşağı gəlir və təhsilə malik qadınlar, oxşar şəraitdə yaşayan, lakin uşağı olmayan qadınlarla müqayisədə, övlad sahibi olduqda həyatlarından daha az razıdırlar. Yüksək sosial statusa malik qadınlar və ümumilikdə kişilər üçün isə valideynlik və uşaqsızlıq arasında ciddi fərq müşahidə olunmur.
Bununla belə, valideynlərin həyatlarının mənalı olduğunu hiss etmə səviyyəsi ölkədən və sosial statusdan asılı olmayaraq daha yüksəkdir. Respondentlərin əksəriyyətinə görə, övlad sahibi olmaq həyatın daha dəyərli və məzmunlu olmasına səbəb olur.
Maraqlıdır ki, bu, hər zaman "xoşbəxtlikdən imtina qarşılığında daha çox məna" demək deyil. Məsələn, Şimali Avropa ölkələrində valideynlik həm yüksək həyat məmnuniyyəti, həm də dərin mənəvi hisslərlə əlaqələndirilir.
Tədqiqat onu da göstərib ki, ilk uşağın doğulması ailədə həyat məmnuniyyətini müvəqqəti olaraq artırsa da, bu təsir tezliklə yox olur. Lakin mənalı həyat hissi valideynlərlə uzun müddət qalır.
Alimlər bu istiqamətdə işlərini davam etdirirlər və valideynliyin həyatın müxtəlif mərhələlərində subyektiv rifaha necə təsir etdiyini daha dərindən araşdırırlar.
Aydın
Şərhlər