"Zelenskinin buna cəsarəti çatmasa, artıq payızda Ukrayna məğlub olacaq və faşist Rusiyası istəyinə çatacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Tramp Ukrayna Rusiya danışıqlarından geri çəkiləcəyi təqdirdə, prosesin necə cərəyan edə biiləcəyini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Bayden dövründə Amerikanın Ukraynaya verəcəyi pul vəsaiti və silahlar Konqres tərəfindən təsdiq olunub:
"Tramp da bu qərarı həyata keçirir. Mütəxəssislərin fikrinə görə, avqust-sentyabr aylarında Kiyevə edilən bu maddi və hərbi kömək tükənəcək. Ondan sonra danışıqlardan çəkildiyini deyən Tramp daha Ukraynaya silah və pul verməyəcək. Ukrayna özünün və Avropanın ümidinə qalacaq".
Həmsöhbətimiz qeyd edir ki, Avropa da öz növbəsində başı üzərini almış təhlükəni düzgün qiymətləndirsə, Ukraynaya kifayət qədər pul versə, Kiyev müqavimət göstərə biləcək:
"Bunu etməsələr isə Ukrayna tək qalacaq. Bu halda isə iki seçimləri olacaq. Ukraynanın azğın hakim zümrəsi vətən torpağını, xalqın taleyini düşünmür. Onda Ukraynanın qarşısında bir seçim qalır. Ölkədəki vəziyyəti kəskin dəyişməlidirlər. II Dünya müharibəsində sovet rejiminin yaratdığı rejimə keçməli, vətənin müdafiəsi naminə bütün xalqı səfərbər etməlidirlər. Bunun üçün də siyasi iradə olmalı, qudurğan məmur zümrəsi ram edilməlidir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəsin əldə edilməsinə çalışsa da, hələlik bu istəyinə nail ola bilmir. Əksinə, son zamanlar Rusiyanın aqressiv hücumları daha da şiddətlənib. Belə vəziyyətdə, Ağ Evin Moskva ilə Kiyev arasında danışıqlardan çəkiləcəyi ehtimalı da istisna edilmir. Hətta Tramp daxil bir çox rəsmilərinin dilindən ABŞ-ın danışıqlardan çəkilə biləcəyinin anonsu da verilib. ABŞ-ın çəkilməsi fonunda isə aydın məsələdir ki, Ukrayna ilə bağlı bütün güc Avropanın üzərinə düşəcək. Bu fonda Avropa Ukraynaya dəstəyi xeyli artırmalıdır. Əks təqdirdə, Ukraynanın məğlubiyyəti qaçılmaz ola bilər.
Rüfət Sultan
Şərhlər