Turistlərin yolunu tapmasına bəzən tanımadıqları insanların kömək etməsi səfər təəssüratlarına əhəmiyyətli təsir göstərir. Buna görə yerli sakinlərin qonaqpərvərliyi şəhər seçimində mühüm amillərdən biridir.
Qaynarinfo xəbər verir ki, "Time Out"un məlumatına görə, "Condé Nast Traveller" jurnalı illik "Readers’ Choice Awards" mükafatları çərçivəsində 2026-cı ilin dünyanın ən mehriban şəhərləri reytinqini açıqlayıb.
Bu il reytinqə Avstraliyanın Melburn şəhəri başçılıq edib.
"Reytinq jurnalın oxucuları tərəfindən formalaşdırılır. Onlardan dünyanın hansı şəhərlərində ən isti qarşılandığını soruşurlar – restoran menyusunu başa düşməkdə yerli sakinin köməyindən tutmuş metroda gedəcəkləri yeri tapmaq üçün verilən məsləhətə qədər. Hər şəhər 100 ballıq sistem üzrə qiymətləndirilir", deyə nəşr izah edib.
Melburn 98,52 bal toplayıb. "Condé Nast Traveller" şəhərin "ifadəli incəsənət atmosferini" və "Avropa ruhunu" xüsusi qeyd edib. Bu ilin əvvəlində Avstraliya şəhəri "Time Out"un dünyanın ən yaxşı şəhərləri reytinqində də birinci olub və xüsusilə Z nəsli nümayəndələrindən yüksək qiymət alıb.
Avstraliyanın digər şəhəri olan Pert də "Condé Nast Traveller" reytinqində ilk onluğa daxil olub. Şəhər 97,28 balla altıncı yeri tutub. Nəşr Pertin turistlər arasında populyarlığını qonaqların özlərini arzuolunan hiss etməsinə imkan verən rahat və isti atmosferlə izah edib.
Portuqaliya şəhərləri də reytinqdə güclü nəticə göstərib. Porto 98,33 balla ikinci, Lissabon isə 97,50 balla dördüncü yeri tutub. Lissabon ötənilki səkkizinci pillədən dördüncü yerə yüksəlib.
Üçüncü yerdə 97,94 balla Seul qərarlaşıb. "Condé Nast Traveller" turistlərin özlərini daha rahat hiss etməsinə kömək edən kiçik mehribanlıq nümunələrinə diqqət çəkib. Məsələn, restoran sahibi qonaqlara yeməyin xüsusiyyətlərini şəxsən izah edə, yerli sakin isə metroda marşrutu tapmaqda kömək göstərə bilər.
2025-ci illə müqayisədə reytinqdə kifayət qədər ciddi dəyişikliklər baş verib. Bu il ilk onluqda yalnız Lissabon və Keyptaun yer alıb. Eyni zamanda Keyptaun üçüncü yerdən onuncu pilləyə geriləyib.
Ötənilki qalib Kito isə bu il ümumiyyətlə reytinqə daxil olmayıb. 2025-ci ildə Böyük Britaniyanın ən mehriban şəhərləri arasında yeganə təmsilçisi olan Edinburq da bu dəfə ilk onluqda yer almayıb.
Beşinci yeri tutan Amsterdam inklüzivliyinə görə fərqləndirilib. Caypur yerli satıcıların səxavəti sayəsində yeddinci pillədə qərarlaşıb. Buenos-Ayres 96,37 balla səkkizinci yeri tutub. Şəhərin qiymətləndirilməsində bazar günü keçirilən asado kimi sosial ənənələr də nəzərə alınıb.
Doqquzuncu yerdə qərarlaşan Banqkok isə Taylandın "təbəssümlər ölkəsi" kimi tanınmasına uyğun olaraq reytinqdə yer alıb.
"Condé Nast Traveller"ə görə 2026-cı ilin ən mehriban şəhərləri:
1. Melburn, Avstraliya – 98,52 bal
2. Porto, Portuqaliya – 98,33 bal
3. Seul, Cənubi Koreya – 97,94 bal
4. Lissabon, Portuqaliya – 97,50 bal
5. Amsterdam, Niderland – 97,35 bal
6. Pert, Avstraliya – 97,28 bal
7. Caypur, Hindistan – 96,67 bal
8. Buenos-Ayres, Argentina – 96,37 bal
9. Banqkok, Tailand – 96,16 bal
10. Keyptaun, Cənubi Afrika – 96,00 bal
Aydın
Şərhlər