Siyasət 22:10 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

"Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.

"Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”, - Paşinyan bildirib.