Dünya 19:10 02.03.2021

Paşinyanın prezidentlə hiyləgər oyunu: Qiyamçı rəisi 3 gün sonra nə gözləyir?

Əslində indiyə qədər keçirilən sorğular da göstərir ki, Paşinyan 2018 və 2019-cu illə müqayisədə xeyli səs itirsə də, hələ də ölkədə ən nüfuzlu liderdir. Bununla belə, Paşinyanın cəmi iki il ərzində minimum 45% səs itirməsi isə onun özü üçün fəlakətdir. 

Digər tərəfdən dünən Paşinyanın topladığı insan sayı ilə bağlı fərqli rəqəmlər mövcuddur. Məsələn, Paşinyana yaxınlığı ilə seçilən və sorosçuların əsas liderlərindən sayılan İonnisyanın Məlumat Vətəndaşlar İttifaqının açıqlamasına görə, təkcə mitinqdən yarım saat əvvəl meydanda 25 min insan olub, mitinq zamanı isə bu say 50 minə yaxınlaşıb. Əslində İonnisyanın dediklərində həqiqət var, bununla belə, bu rəqəm müxalifət üçün elə də qorxulu sayılmır. Çünki Paşinyan nə qədər gövdə göstərisi etsə də, bilinən odur ki, Nikol administrativ resurslardan istifadə edərək bu qədər elektoratı meydanlara yığa bilib. Bu isə etibarlı elektorat sayılmır. Ən önəmli məqam isə müxalifətin bu faktdan maksimum yararlanmasıdır. Belə ki, Paşinyan mitinqin vaxtını elan etdikdən bu yana müxalifət resursları fasiləsiz şəkildə hökumətin İrəvana müxtəlif yollardan istifadə edərək məcburi şəkildə insan toplandığına dair məlumat yayırdılar ki, bu da Nikolun mitinqinə kölgə düşürməyə böyük mənada yetərli oldu.

Paşinyan həmçinin dünənki mitinqində bir sıra maraqlı mesajlar verdi. Bunlardan ən maraqlısı yalnız Serj Sərkisyanın hədəf göstərilməsiydi. Görünən odur ki, Paşinyan hələ də Serj Sərkisyanın devrilmiş lider statusundan yararlanaraq, əhalini maksimum şəkildə öz yanına toplamağa cəhd edir. Buna görədir ki, o, Onik Qasparyanın Sərkisyanın tabeliyində olduğunu deyir. Cəmiyyətdə xüsusilə Serj Sərkisyana qarşı sərt mövqeyin xəbərdar olan Paşinyan bununla Qasparyanı ləkələməyə və mümkün qədər ordu təhdidini dolayı yolla ortadan qaldırmağa çalışır. 

Sərkisyanın vurulması təkcə Paşinyanın marağında deyil. Nikol çox yaxşı bilir ki, Serjin vəzifəyə qayıtmasını və ya ümumiyyətlə, aktivləşməməsində Rusiya da maraqlıdır. Moskvada onsuz da Serjə qarşı elə də yaxşı münasibət yoxdur və Kreml eks-liderin hələ də ona xəyanət etdiyini düşünür. Digər tərəfdən Nikol Serji vurmaqla həm də özünün radikal saydığı müxalifət sıralarında dolayı yolla parçalanma yaratmağa çalışır. Sərkisyanın sıxışdırılması isə öz növbəsində dolayısı yolla Köçəryana sərf edir. Bunu bilən Paşinyan həm də müxalifət daxilindəki balansla oynamağa cəhd edir. O həmçinin Moskvanın Köçəryanın və ya onun tabeliyindəki güclərin az səslə olsa belə, parlamentə salmaq istədiyini də anlayır. Buna görədir ki, Nikol çıxışı zamanı yalnız Çarukyanla (Köçəryan hamisidir) razılaşa bilmədiklərini, amma bunu bacaracaqlarına ümid etdiyini deyir. 

Paşinyanın dünənki çıxışı həm də baş nazirlə prezident arasında ortaq məxrəcin əldə olunduğunu göstərir. Sərkisyanla görüşdən qabaq prezidentin impiçmenti məsələsini gündəmə gətirəcəklərini mətbuata sızdıran baş nazir təsadüfi deyil ki, mitinqdəki çıxışında heç bir ehtiyacın olmadığı yerdə prezidentin xəstə olduğuna və tez sağalacağına ümid etdiyinə dair kinayəli mesaj verir. Dolayısı yolla hələ də iki tərəfin arasında öz oyununu oynamağa çalışan Sərkisyanı dolayısı yolla təhdid etmiş olur. Görünən odur ki, bu təhdid öz faydasını verib ki, prezident Sərkisyan bu gün Qasparyanın istefasını yenidən təsdiqləməyərək, Konstitusiya Məhkəməsinə göndərdi. Maraqlı məqam odur ki, Sərkisyan Konstitusiya Məhkəməsinə baş nazirin sərəncam layihəsini yoxlamağa görə yox, 2018-ci ildə "hərbi xidmət haqqında qanun”dakı düzəlişin mübahisələndirilməsi üçün müraciət edib. Bu isə o deməkdir ki, Paşinyanın Qasparyanla bağlı qərarı üç gün sonra avtomatik qüvvəyə minəcək. Bütün bunlara rəğmən bu, Qasparyanın Paşinyanın sərəncamı ilə razılaşacağını deməyə tam əsas vermir. 

Ümumilikdə götürdükdə bütün sərt çıxışlarına və özünü hələ də lider kimi göstərməsinə baxmayaraq, aydın olan odur ki, Paşinyanda artıq yumşalma var və o, Moskvanın maraqlarına uyğun bir sıra məsələlərdə geri çəkilməyə razıdır. Lakin Moskva onun təkcə bir sıra məsələlərdə yox, bütün istəklərinə uyğun geri addım atmasını istəyir. Nikoldan indiki halda əsas gözlənti maksimal dərəcədə tez növbədənkənar seçkinin vaxtının təyin edilməsidir. Moskva bilir ki, zamanın uzanması onun maraqlarına cavab vermir və ona görə də Paşinyandan təcili zaman istəyir. Buna görədir ki, ordu hələ də Nikolun istəklərinə tabe olmur və müxalifətə hökumətlə mübarizə məsələsində balans yaratmağa imkan yaradır. Ordunun bu cür davranışı baş nazirin seçkini elan edib (və ya dəqiq hansı tarixdə elan edəcəyi ilə bağlı vəd verə bilər), Moskvanın istəklərinə uyğun şəkildə keçirmək qərarı verənə qədər davam edəcəyini istisna etmək olmaz. Görünür, Ermənistanı yaxın gələcəkdə hətta seçki baş tutsa belə, elə də xoş günlər gözləmir.

İlkin Həsənli