Paşinyanın “vəziyyət daha da pisləşir!” yalvarışı və Ermənistanın hərbi ritorikası

Paşinyanın “vəziyyət daha da pisləşir!” yalvarışı və Ermənistanın hərbi ritorikası

Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkələrin birində "xəbərlər çox pisdir, vəziyyət daha da pisləşir!” müraciəti yayılıb. Amma hökumət başçısının etiraflarına baxmayaraq, Ermənistan öz məkrli iddialarından da əl çəkmir. 2,5 milyon əhalisi olan ölkədə indiyədək ümumilikdə 29 285 nəfər koronavirusa yoluxub, 503 nəfər ölüb. Belə bir ağır vəziyyətdə baş nazir Dağlıq Qarabağ mövzusunu süni olaraq gündəmdə saxlamaqla, əhalinin diqqətini ölkədə yaranmış çıxılmaz durumdan yayındırmağa çalışır. 

Belə ki, Ermənistanda tibbi yardıma ehtiyacı olan xəstələrin xəstəxanalarda stasionar müalicəyə qəbul etməyə imkanın olmadığı vaxtda, parlament müxalifəti hökuməti pandemiya ilə əlaqəli yaranmış və müsbət meyilləri olmayan bərbad vəziyyətin səbəblərini izah etməyə çağırıb. Böhran o dərəcəyə çatıb ki, dövlət məmurlarının bir neçəsi baş verən hadisələrə görə məsuliyyəti şəxsən Paşinyanın və onun rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzərinə atıb. Lakin, Paşinyan bütün məsuliyyəti ənənəvi olaraq məhz adi vətəndaşların boynuna qoyub və deyib: "Onlar yaranmış vəziyyətə sadəlövh yanaşaraq, təhlükəsizlik normalarını pozmaqda davam edir”. Görünür ki, "peşəkar inqilabçı” öz fəaliyyətini "Facebook” üzərindən aparmaqla kifayətlənir. 



Baş naziri tənqid edən nüfuzlu siyasətçilərdən biri də "Çiçəklənən Ermənistan” Partiyasının üzvü Naira Zoqrabyan olub. Onun sözlərinə görə, hökumət açıq-aydın öz səhvlərini "məsuliyyətsiz vətəndaşların” boynuna yıxmaq niyyətindədir, lakin bunu etməyə onların ixtiyarı yoxdur. "Bəli, insanlar qaydalara riayət etməlidir, lakin araşdırmaq lazımdır ki, müvafiq dövlət orqanları pandemiyanın qarşısının alınması üçün nə ediblər. Naira Zoqrabyanın nəticəsinə görə, "heç kəs üçün sirr deyil ki, bu gedişlə sağlamlığın qorunması yalnız xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi və dəyənəklərin tətbiqi ilə mümkün olacaq”. 

Biz yenə həddindən artıq problemlərlə üzləşən və öz gündəlik ehtiyaclarını çətinliklə ödəyən Ermənistan hökumətinin öz vətəndaşları üzərində növbəti təcrübə keçirilməsinin şahidi oluruq. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ mövzusunun gündəmdə saxlamaqla edilir.     

Belə ki, iyulun 2-də CRRC (The Caucasus Research Resource Centers) Tədqiqat Resurs Mərkəzinin ermənilər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair keçirdiyi sorğunun nəticələri açıqlanıb. İştirakçıların 70%-i Dağlıq Qarabağın Ermənistanla tam birləşməsinə tərəfdar olduğunu bildirib. Rəyi soruşulanların 95%-i Dağlıq Qarabağın Azərbaycana qaytarılması əleyhinə olduqlarını, 52%-i isə Dağlıq Qarabağı müstəqil dövlət kimi  görmək istədiklərini deyiblər.

Maraqlısı odur ki, real müstəqilliyə, iqtisadiyyata malik olmayan, xarici diaspora və xaricdə işləyən öz vətəndaşlarının maliyyəsi hesabına mövcud olan, bütün regional layihələrdən kənarda qalan və ciddi demoqrafiya problemləri ilə üzləşən Ermənistan əhalisinin 70%-i Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz hərbi güc hesabına mümkün olduğunu düşünür. Sual yaranır: hansı güc vasitəsilə? Bəlkə yenə də öz havadarlarına arxalanırlar? 

Prinsipcə, yenilik yoxdur – hər şey ermənilərin ənənəvi ritorika üslubundadır. Bəzən belə təəssürat yaranır ki, işğalçı ölkədə yaranan ağır vəziyyətə baxmayaraq, ermənilər özlərinin cəbhədə üstünlüklərinə dair uydurduqları əfsanələrə inanırlar. Amma zaman hər şeyi aydın göstərəcək. Onda məşhur məsəldə deyildiyi kimi, kimin əvvəli, kimin axırı aydın olacaq. 

Mənbə: Mediapost.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR