2017-2018-ci il payız-qış kolleksiyası bütün xanımların marağındadır. Buna görə də “Qaynarinfo” sizin üçün sezonun moda trendlərini araşdırıb.
İlin əvvəlində bizi şəffaf ayaqqabılar, fərqli dizayna malik sandallar qarşıladı. Bunun ardınca daş-qaşlı, rəngli çantalar, sadə, ancaq nəzərə çarpan aksessuarlar kombinlərin əvəzolunmazına çevrildi. Payız-qış mövsümündə moda həvəskarlarını hansı sürprizlərin gözlədiyini öyrənmək üçün modelyer-dizayner Gülnarə Xəlilovaya müraciət etdik. Suallarımızı cavablayan Gülnarə xanımın müsahibəsini sizə təqdim edirik:
- Əvvəl rənglərdən başlayaq. Payızda hansı rənglər üstünlük təşkil edəcək?

- Rəng çalarları bu mövsüm müxtəliflik təşkil edəcək. 2017-2018-ci il payız-qış kolleksiyaları üçün verilən tendensiyalarda maraqlı rəng tonları mövcuddur. Bunlaradn məsələn, boz, xardal rəngi və açıq yaşılın, hardasa zeytun rənginin daha kirli tonları bu mövsüm trend olacaq. Ümumiyyətlə, alışdığımız bütün rənglərin kirli tonları tez-tez qarşımıza çıxacaq.

Bununla yanaşı, əlvan rənglər də ilin seçilənləri arasındadır. Yəqin ki, siz də müşahidə etmisiniz, əvvəllər mağazaların vitrinləri konkret bir rəngdə paltarlardan ibarət olurdusa, indi vitrində bütün rəngləri görmək mümkündür.
- Rənglərdə xüsusi kombinlər necə, varmı?

- Dediyim kimi bütün rənglər dəbdədir. Sevdiyiniz rəng çalarına görə kombinlər yarada bilərsiniz. Qeyd edim ki, bu il “xırda damalı”, naxışlı, xətli parçalar da aktuallığını saxlayır. Burda daha çox pencək və ətəklər nəzərdə tutulur.
- Geyim üslublarından daha çox hansılar dəbdədir?

- Eynilə rəng çalarlarında olduğu kimi, üslublarda da çoxistiqamətlilik var. Belə ki, bu il həcmli geyimlər dəbdədir. Bununla yanaşı, xanımların istifadə etdiyi bədənə tam oturan şalvarlar, paltarlar da aktuallığını qoruyub saxlayacaq. Fərqli, assimmetrik kəsimlər, bir neçə parçadan eyni vaxtda istifadə olunması, daha çox qorxu, dram filmlərində rastladığımız ekstravaqant geyimlər dizaynerlər tərəfindən təqdim olunur. Ümumiyyətlə, son illərin dəbi insanların büdcəsi nəzərə alınaraq tənzimlənir. Yəni, modelyer-dizaynerlər fərqli geyimlərlə yanaşı, gündəlik, sadə üsluba da kifayət qədər yer verir. Bu da hər təbəqədən olan insanların qarderobunu əhatə edə bilir.
- Son illər çanta və ayaqqabı modellərində fərqli dizaynlar qarşımıza çıxır. Bəs bu il necə, hansı üslublar dəbdədir? Ayaqqabı-çanta uyumuna nə dərəcədə diqqət etmək lazımdır?

- Ayaqqabılarda burnu dördbucaq, retro üslubda, laklı ayaqqabılar ilin trendidir. Amma yenə də bununla yanaşı, alışdığımız klassik modellər də aktuallığını qoruyub saxlayır. Uyuma gəldikdə isə bir dönəm ayaqqabı və çantaların demək olar eyni modeldə, markada, rəngdə istifadəsi aktual idisə, sonralar bu təkzib olundu. Ayaqqabılarda və çantalarda tam fərqli üslublar qarşımıza çıxdı. Bu il də fərqlilik dəbdədir. Yəni, ayaqqabı və çanta eyni istifadə olunmasa da, diqqət yetirmək lazımdır ki, geyimin tərzini tamamlasın. Qısacası, bir geyimdə həm ayrı-ayrı, həm də eyni rənglərdə çanta ayaqqabı istifadə etmək olar. Sadəcə üslubun tamamlanmasına diqqət yetirmək kifayətdir.
- Üst geyimlər və akssesuarlarda hansı uyğunluqlar gözlənməlidir?

- Bu mövsümün üst geyimlərində həm pencəklər, həm də plaş və paltolarda qoşadüyməli modellər diqqəti çəkəcək. Ancaq bu tək sıra düymələri sıxışdırıb çıxartmayacaq. Hər iki stildən istifadə olunacaq. Xüsusən, pencəklər bu il kombinlərin əsas parçalarından olacaq. Akssesuarlara gəldikdə, şarflar, papaqlar, şallar, bijuteriya və kəmərlər, eynəklər, əlcəklər hər zaman olduğu kimi aktuallığını saxlayır. Sadə geyimləri aksessuarlarla tamamlamaq ilin əsas kombinlərindən sayılır. Ümumilikdə dəbdə bu mövsüm çoxşaxəlilik, rəngarənglik, çoxüslubluluq var. Maraqlı kombinlər bu il də göz oxşamağa davam edəcək.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər