Aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir.
Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib. Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.
Abşeron rayonunun ərazilərində nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var.
Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Şərhlər