Xəbər lenti

Pomidor-yumurta və “çkan”
Vüsal Bağırlı
Ölkə 13:13 10.03.2020

Pomidor-yumurta və “çkan”

Vüsal Bağırlı

Dostumla söhbətləşirik. Azərlə, qonşu şöbədən olan iş yoldaşımla. Hərdən otağımıza gəlir, hərdən mən onlara qonaq gedirəm. Futboldan, kinodan, ədəbiyyatdan, musiqidən pozitiv söhbətlər edirik. Həm əhvalımız düzəlir, həm də iş yorğunluğu aradan qalxır. 

Özünün yemək bişirə bilmə bacarığından bəhs edir. Nahara bir saat qalır. O, danışır, təsvir edir, guya yeməyə yağ tökür, duz atır, qarışdırır. Mədəmizin yaşıl şirəsi isə içəridə əlçim-əlçim süzülür, axır. Mədə  sıyrılır, aclıq isə zəncir gəmirir. İştaha diş altında olur axı.

Ümumi qənaətə gəlib razılaşırıq ki, tələbəlik illərinin insanın yetkin, müstəqil bir kəs olaraq ərsəyə gəlməsində müstəsna əhəmiyyəti var. 

Xüsusən də xörək hazırlamaq cəhətdən. Düzdür, hal-hazırda yalnız bir xörək hazırlaya bildiyini vurğuladı. Amma söhbətini elə maraqla, şövq və istəklə etdi ki, gəl görəsən. Önə çəkdiyi mövzu pomidor-yumurta bişirməklə bağlı idi. Deyir elə bişirirəm, ye barmağını yala. Beşini də. Resept isə belədir:
İlk mərhələdə pomidorlar yağda suyu quruyana çəkilənə qədər pörtlədilir. Sonra üzərinə yumurta əlavə edilir. Sual verirəm:

Bəs yumurta qarışdırılıb çalınır ya...?

Gülür: Əşi yox e, qarışdırmaq zada lazım deyil. Elə sarısı bütöv halda, "qlazok” kimi onu qaynar pomidor mətə əlavə edirik, vəssalam. Heç soğan da vurmağa ehtiyac yoxdur. Əvəzində, masaya mütləq pivə ilə bərabər verilməlidir. TV-də isə Çempionlar Liqasının oyunu göstərilsə lap yaxşı olar. Məsələn, Valensiya-Atalanda (aramızda qalsın: yarasalara azarkeşlik edir). 

Nəhayət, razılığa gəldik ki, uyğun mövsüm gələndə, pomidor, yağ və yumurta alaq. Əziyyəti Azərlik, vəziyyəti və dequstasiyası bizlik olsun.
Bir halda ki, mövzunu yeməkdən, biş-düşdən saldıq, söhbəti eyni tempdə, uyğun ritmdə davam edək.

Bir dəfə Qusara gedib - gəldim. Boz, qarsız, boğucu Bakıda dostlara dağ havasından, qardan, şaxtadan  təbiət gözəlliyindən bəhs etdim, qürrələndim. 
Məclisiçi dostlardan biri qayıtdı ki, "çkan” yedin?

Matı-qutu qurudum. Nə? Ayə "çkan” nədi? Əvvəl elə bildim, kompyuter terminindən, klassik "scan, copy, past” üçlüyündən bəhs olunur. Sonra gördüm yox e, mövzu baçbaşqadır. Sən demə, söhbət hansısa xörək növündən gedirmiş. Başımı buladım, yəni "yox, yeməmişəm!”.

Baho. Onda hesab et, heç Qusarda olmamısan ki !?

Doğrusu, pərt oldum. Fikir bir müddət beynimdən çıxmadı. Bir dəfə yolum yenə Qusara düşdü. Yenə dağ-dərə, göz oxşayan yaşıllıq, ibtidai təbiət mənzərələri. Tezliklə, təmiz hava canavar iştahası gətirdi. Yaman acmışdım. Birdən yadıma, "çkan” düşdü. Belə şansı əldən qaçırmaqmı olardı? Qusar bazarında soruşduq-aradıq,  yolkənarı kafe-restoran "Şahnabat”ı nişan verdilər.

Əvvəlcədən də, xəbərdar etdilər. Sən demə, "çkan” istəyən, gözləməyi də bacarmalıdır. Bu kabab kimi, xəngəl kimi rahat bişib ərsəyə gələn, tezbazar, əlimyandı süfrəyə təşrif buyuran təam deyil. Sadəcə, səbrini basıb, 3-4 saat gözləməlisən vəssalam. Saat ikidə getdik, dedilər altıda gəlin, hazır olacaq. Gəzdik-dolandıq. İştahamız daha da cuşə gəldi.

Nəhayət axşam getdik "Şahnabat”a. Dedikləri kimi də oldu. Əsl punktuallıq nümunəsi. Saat altını vuran kimi, təam gəldi süfrəyə. 

Bəh-bəh, masanın ortasında "çkan” buğlanır, nazlanır, gəl məni həzmi-rabedən keçir deyir. Bir sözlə, gözəl  süfrə, göz oxşayan mənzərə. Yedik, içdik, söhbət etdik. Əsl istirahət oldu.

İndi də "çkan” barədə bir-iki kəlmə:

Doyumlu-tutumlu yeməkdir. Bir suyumu azacıq italyan pizzasına  bənzəyir. Eynən onun kimi, Dəyirmi formada hazırlanıb, üçbucaq hissələrə bölünür. Xəmirin ortasına mal əti, bol kartof, kəklikotu vurulur. Sonra da, ye ki, yeyəsən. Sözümün canı: hərgah yolunuz Qusara düşsə, mütləq çkan yeyin. 

Peşman olmazsınız!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->