Xəbər lenti

Prezident qəbullar keçirdi (YENİLƏNİB)
Foto 16:37 02.06.2025

Prezident qəbullar keçirdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirib.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladı və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.

Görüşdə "Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulanıb.

Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimizin bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları (TPAO), BOTAŞ-la SOCAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulanıb.

Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində mühüm layihələrin icra olunduğu qeyd edilib, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirilib. Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulandı və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirilib.

Ölkəmizlə "ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunulub.

Vurğulanıb ki, "ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir. Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.

Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini deyib. O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlətimizin başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliki qəbul edib.

Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirilib.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulanıb.

"Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edilib.

Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət edib.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın "Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

Söhbət zamanı "Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.

"Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edildi, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə şirkət tərəfindən "SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verilib.

Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də "ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Con Ardill "ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

Görüşdə "ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən "Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olundu. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə "ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->