"Azərbaycanlılara və qeyri-ruslara qarşı aqresiv münasibət Kremlin xarici siyasətinin davamıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin bu ölkədə yaşayan azərbaycanlılara qarşı səsləndirdiyi təhqiramiz fikirlərinə münasibət bildirərkən deyib.
"Rusiyada soydaşlarımıza qarşı müşahidə edilən belə şovinist, faşist açıqlamalar yeni deyil. Məsələ ondadır ki, hazırda Rusiya daxilində və xarici siyasətində böyük yüklənmələr var. Bir tərəfdən ölkə Ukrayna ilə müharibə edir, digər tərəfdən də daxildə yorğunluq müşahidə olunur", deyə Rüstəm Tağızadə bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Rusiyada artmaqda davam edən şovinist meyllər bu ölkənin Cənubi Qafqazla bağlı siyasətində müəyyən yenilənmələrə getməsilə bağlıdır:
"Moskva regiona münasibətdə daha aqressiv siyasət yürüdür. Bunun nəticəsi olaraq, Dumanın bir sıra deputatları da baş qaldıraraq azərbaycanlılara qarşı şovinist bəyanatlar verirlər. Yəni bu halın baş qaldırması Kremlin xarici siyasətilə əlaqədardır. Belə yollarla Bakıya təzyiq göstərirlər. Nə zaman ki, təzyiqlər çoxalır Dövlət Dumasının bəzi deputatları və politoloqlar tərəfindən belə fikirlərin səslənməsinin də şahidi oluruq. Ona görə də bu kimi bəyanatları tez-tez görəcəyik".
Qeyd edək ki, Rusiyada azərbaycanlılar əleyhinə danışanlara Dövlət Dumasının daha bir deputatı da qoşulub. Mixail Matveyev əslən Azərbaycandan olan Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: "Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir".
Rüfət Sultan
Şərhlər