Amerikanın Corciya və Oklahoma universitetlərindən olan tədqiqatçılar son 40 ildə baş vermiş 300 xəstəlik partlayışını təhlil ediblər. Genişmiqyaslı bu araşdırmanın nəticələrinə görə, yoxsulluq infeksiyaların yayılması üçün ideal şərait yaradır.
Qaynarinfo xəbər verir ki, elmi iş nüfuzlu "Microorganisms" jurnalında dərc olunub.
Tədqiqat göstərir ki, zəif tibbi infrastruktur və gigiyenik şəraiti pis olan regionlarda vərəm və taun kimi bakterial epidemiyalar daha tez-tez meydana çıxır. Bununla yanaşı, ekoloji dəyişikliklər, o cümlədən iqlim anomaliyaları və vəhşi heyvanlarla təmas kimi amillər virus mənşəli xəstəliklərin yayılmasını təşviq edir.
Aparıcı tədqiqatçı Peyton Fillips bildirib:
"COVID-19 pandemiyası bir daha sübut etdi ki, sosial faktorlar xəstəliklərin yayılmasına ciddi təsir göstərir. Tibbi yardıma çıxışı zəif olan yoxsul bölgələrdə istənilən infeksiya daha sürətlə yayılır və daha ağır nəticələrə səbəb olur".
Ən böyük təhlükə: heyvandan insana keçən viruslar
Tədqiqatçılar zoonoz xəstəliklərin artımına da xüsusi diqqət çəkirlər. Statistikaya görə, yeni infeksiyaların təxminən 75%-i heyvanlardan insanlara keçir. Bu xəstəliklərə misal olaraq Ebola (yarasalardan keçib) və quş qripi göstərilir.
Alimlər xəbərdarlıq edirlər ki, təbiət ekosistemlərinin məhv edilməsi və iqlim dəyişikliyi davam etdikcə, bu risk daha da artacaq.
Aydın
Şərhlər