Xəbər lenti

İranın azərbaycanlı səfiri: Münasibətlər yeni mərhələdə?
Siyasət 12:42 03.06.2025

İranın azərbaycanlı səfiri: Münasibətlər yeni mərhələdə?

"Bu qərar təkcə simvolik xarakter daşımır, eyni zamanda İran rəhbərliyinin Azərbaycanla münasibətləri yenidən qiymətləndirmək niyyətinin göstəricisidir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov əslən azərbaycanlı olan Müctəba Dəmirçilinin İranın Azərbaycanda yeni səfiri təyin edilməsini şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, İranın Azərbaycandakı səfiri vəzifəsinə azərbaycanlı diplomatım təyin edilməsi istənilən halda müsbət addım kimi dəyərləndirilməlidir:

"Müctəba Dəmirçili kimi şəxsin təyinatı, onun milli kimliyi və Azərbaycan mədəniyyətinə yaxınlığı, ikitərəfli münasibətlərdə psixoloji və sosial yaxınlıq mühitini gücləndirə bilər. Azərbaycan-İran münasibətlərinin normallaşması və problemlərin aradan qaldırılması hər iki dövlətin regional maraqlarına uyğundur. Uzunmüddətli sabitlik yalnız qarşılıqlı hörmət və anlayışla mümkündür. Regiondakı qarşılıqlı asılılıqlar-istər iqtisadi-ticarət, istər tranzit sahəsində-bu münasibətləri daha da zəruri və strateji edir".
 


Ekspert deyir ki, uzun illər İran-Azərbaycan münasibətlərində gərginliyə səbəb olan əsas amillərdən biri olan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 2020-ci ildən sonra artıq aradan qalxıb:

"Habelə, Ermənistanın hərbi və siyasi zəifliyi onu regionda daha çox daxili problemlərlə məşğul olmağa vadar edir. Bu vəziyyət, eyni zamanda, İran daxilində də başa düşülməlidir: Ermənistanla münasibətlər Azərbaycanla münasibətlərin hesabına inkişaf etməməlidir. Son dövrlərdə atılan diplomatik addımlar və siyasi jestlər onu göstərir ki, münasibətlərin normallaşması istiqamətində iradə formalaşır".

Ekspertin fikrincə, bu baxımdan Müctəba Dəmirçili kimi azərbaycanlı mənşəli bir şəxsin səfir təyin olunması həm də İranın Azərbaycan cəmiyyətinə yönəlik yeni kommunikasiya dilini formalaşdırmaq niyyətindən xəbər verir:

"Bu, həm də "yumşaq güc" elementlərinin bizim tərəfimizdən istifadəsinə yol aça bilər. Digər tərəfdən, İranda milyonlarla azərbaycanlının yaşaması, onların iqtisadi, ictimai və bəzən də siyasi proseslərdə rolu danılmazdır. Müctəba Dəmirçilinin səfir kimi təyinatı bu reallığın rəsmi şəkildə etirafı və istifadə olunması kimi də dəyərləndirilməlidir. Bu, Azərbaycanın da İranda yumşaq güc vasitələrini inkişaf etdirməsi baxımından fürsətdir. İranın Azərbaycandakı səfiri postuna Müctəba Dəmirçili kimi bir şəxsin təyin olunması mühüm və pozitiv hadisədir. Bu addımın davamı kimi konkret əməkdaşlıq layihələri, qarşılıqlı diplomatik jestlər və iqtisadi-ticari təmaslar gələcəkdə daha stabil və etibarlı münasibətlərin formalaşmasına zəmin yarada bilər". 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, əslən azərbaycanlı olan Müctəba Dəmirçili ölkənin Bakıdakı yeni səfiri təyin edilib. Bununla bağlı məlumatı "İranian Students News Agency" (ISNA) yayıb. Məlumata görə, Müctəba Dəmirçili bundan əvvəl Nazirliyin Avrasiya Baş İdarəsinin rəhbəri kimi fəaliyyət göstərib. 

İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələ rəsmi açıqlama verməsə də, ISNA-nın məlumatında qeyd olunur ki, Müctəba Dəmirçili diplomatik karyerası ərzində Avrasiya regionunda müxtəlif vəzifələrdə çalışıb və səfiri olduğu müddətdə ikitərəfli əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->