2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi strategiyası döyüşlərin gedişinə uyğun olaraq bir neçə dəfə dəyişdirilib. İlkin mərhələdə əsas hədəf uzun illər ərzində qurulmuş müdafiə sistemini yarmaq və qarşı tərəfi mövqelərindən geri çəkilməyə məcbur etmək olub. Sonrakı mərhələlərdə isə yaranan vəziyyətə uyğun olaraq əməliyyat istiqamətləri dəyişdirilib, qoşunların yerləşməsi yenidən qurulub və müxtəlif planlardan istifadə edilib.
Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin həlledici mərhələlərindən birinə çevrilib. İki gün sonra - noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanıb.
Bəs müharibənin ilk günlərində Azərbaycanın qarşısında hansı hərbi məqsədlər dayanırdı? Strategiyada hansı dəyişikliklər edildi? Şuşa əməliyyatını əvvəlki döyüşlərdən fərqləndirən nə idi?
Qaynarinfo bu sualları hərbi ekspert Üzeyir Cəfərova ünvanlayıb.
Üzeyir Cəfərovun sözlərinə görə, müharibənin ilkin mərhələsində əsas məqsəd uzun illər ərzində yaradılmış müdafiə mövqelərini dağıtmaq və qarşı tərəfi geri çəkilməyə məcbur etmək olub:

"27 sentyabr 2020-ci ildə başlayan hərbi əməliyyatların ilkin mərhələsində Azərbaycan Ordusunun məqsədi düşmənin uzun illər ərzində qurduğu müdafiə mövqelərini darmadağın etmək və ilk mərhələdə müəyyən uğurlar əldə etmək idi. Qarşıya qoyulan əsas məqsəd düşmənə sarsıdıcı zərbə vurmaq, onu 26 il ərzində möhkəmləndiyi mövqelərdən çıxarıb geri atmaq idi. Bu vəzifə müharibənin ilk günlərində uğurla həyata keçirildi".
Ekspert bildirib ki, sonrakı mərhələlərdə yaranan vəziyyətə uyğun olaraq əməliyyat planlarına korrektələr edilib:
"Sonrakı mərhələlərdə müəyyən çətinliklər və problemlər yaşandı. Bunlar ölkə rəhbərliyi və Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən qiymətləndirildi və vəziyyətə uyğun qərarlar qəbul edildi. Düşmən Azərbaycan Ordusunun fərqli strategiya və taktikalardan istifadə edəcəyini gözləmirdi. Onlar bir istiqamətdən hücum gözləyirdilər, amma Azərbaycan Ordusunun komandanlığı başqa istiqamətdə əməliyyat həyata keçirirdi".
Üzeyir Cəfərov bildirib ki, adıçəkilən dəyişikliklər düşməni çətin vəziyyətə salıb:
"İlkin məqsədlər ilk günlərdə yerinə yetirilsə də, sonrakı mərhələdə hava şəraiti və digər amillər müəyyən problemlər yaratdı. Buna görə istiqamətlər dəyişdirildi, korrektələr edildi və əldə olunan uğurlar davam etdirildi".

Ekspertin sözlərinə görə, müharibə zamanı əvvəlcədən hazırlanmış bir neçə plandan vəziyyətə uyğun istifadə olunub:
"27 sentyabrda başlayan əməliyyat bir neçə gün plan üzrə davam etdi. Sonra gözlənilməz məqamlar yarandı. Hərbin qanunlarına uyğun olaraq həm hərbi rəhbərlik, həm də Ali Baş Komandan tərəfindən müəyyən korrektələr edildi və qərarlar qəbul olundu. Bir neçə versiya, bir neçə plan hazırlandı və hansı plan özünü doğruldursa, həmin plan üzrə hərəkət edilməsinin vacibliyi vurğulandı. Əgər planın icrası zamanı problem və ya fors-major vəziyyət yaranırsa, ona uyğun olaraq başqa plana keçilməsi də nəzərə alındı".
Ekspert hesab edir ki, istiqamətlərin dəyişdirilməsi və qoşunların yenidən yerləşdirilməsi döyüşlərin gedişinə təsir edən amillərdən biri olub:
"44 günlük müharibənin gedişində Azərbaycan Ordusu bəzi dəyişikliklərə əl atdı. Tutaq ki, biz bir istiqamətdə düşməni əks-hücuma keçəcəyimizə inandırırdıq, amma başqa istiqamətdə planın icrasına başlayırdıq. Bu dəyişikliklər özünü doğrultdu. Düşmənin döyüş meydanında koordinasiyası pozuldu, əlaqələr kəsildi, logistik imkanları məhdudlaşdırıldı və bu, bizə böyük hərbi üstünlük gətirdi. Beləliklə, düşmənin verilən tapşırıqları yerinə yetirməsində zəncir qırılmağa başladı. Azərbaycan Ordusu müharibənin gedişində bir neçə istiqamətdə bu variantdan istifadə etdi və nəticə özünü doğrultdu. Həm Müdafiə Nazirliyində, həm də Dövlət Sərhəd Xidmətində bununla bağlı təkliflər qiymətləndirildi. Qoşunların yer dəyişməsi, mövqelərin gücləndirilməsi və digər tədbirlər həyata keçirildi".
Hərbi ekspert Şuşanın azad edilməsini müharibənin son mərhələsinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirib. Üzeyir Cəfərovun sözlərinə görə, Şuşa əməliyyatı əvvəlki əməliyyatlardan fərqlənirdi:
"Şuşa uzun illər düşmənin nəzarətində olan və bizim üçün xüsusi əhəmiyyət daşıyan ərazi idi. Şuşanın azad edilməsi qaçılmaz idi. Çünki həmin vaxta qədər bir neçə rayon və strateji əhəmiyyətli yaşayış məntəqəsi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi və düşmən artıq ciddi təzyiq altında idi. Şuşanın azad edilməsi xüsusi təyinatlı qüvvələrin əsas vəzifələrindən biri idi və onlar bu əməliyyatı yüksək peşəkarlıqla həyata keçirdilər. Düzdür, həmin əməliyyatda şəhidlərimiz oldu, yaralananlar oldu. Şuşanın özü təbii qala idi və onun müdafiəsi üçün əlverişli imkanlar mövcud idi. Buna görə Şuşanın azad edilməsi həm şərəf məsələsi, həm də mühüm hərbi uğur idi".

Üzeyir Cəfərovun sözlərinə görə, Şuşanın azad edilməsindən sonra müharibənin yekun mərhələsi sürətlənib:
"Düşmənə müxtəlif istiqamətlərdən dəstək göstərilməsi və bizim mövqelərimizə təzyiqlər müharibənin yekun nəticəsinə təsir göstərə bilmədi. Nəhayət, 44 günlük müharibənin gedişində Şuşanı azad etdik və bundan sonra qarşı tərəf məğlubiyyətin qaçılmaz olduğunu gördü. Şuşanın azad edilməsi elan olunandan sonra düşmən üçün ən optimal yol əlində qalan imkanlarla şəxsi heyətinin həyatını qorumaq və döyüş meydanından çıxmaq idi".
Ekspert daha sonra 2023-cü ilin sentyabrında keçirilən hərbi əməliyyata toxunub:
"Sonrakı mərhələdə biz 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatına məcbur qaldıq. Bu, ayrıca mövzudur. Uzun illər bu məsələnin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini deyənlər də gördülər ki, Azərbaycan öz ərazisində suverenliyini tam şəkildə bərpa etmək niyyətindədir. Bu proses 2023-cü il sentyabrın 19-20-də başa çatdı. Bundan sonra artıq qarşı tərəf və onun tərəfdarları yaranmış reallıqla hesablaşmağa məcbur oldular".
Günay İlqarqızı
Şərhlər