Atatürk Universitetinin Açıq və Uzaqdan Təhsil Fakültəsi Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil edib.
Qaynarinfo xəbər verir ki, 2026-2027-ci tədris ilində məzun olan 200-ə yaxın tələbənin iştirak etdiyi tədbir universitetin rektoru, professor Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilib. Mərasimdə Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə xüsusi diqqət çəkilib.
Tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin, TİKA-nın, Yunus Əmrə İnstitutunun, TÜRKPA-nın, Azərbaycan və Türkiyənin müxtəlif təhsil qurumlarının nümayəndələri, akademiklər, tələbələr və onların ailələri iştirak ediblər.
Proqram hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Atatürk Universiteti və Açıq və Uzaqdan Təhsil Fakültəsi haqqında tanıtım filmləri nümayiş etdirilib. Rektor Ahmet Hacımüftüoğlu məzunları təbrik edərək onların təhsil həyatında qazandıqları uğurların əhəmiyyətindən danışıb.
Mərasim çərçivəsində yüksək nəticə göstərən tələbələrə hədiyyə və plaketlər təqdim olunub. Ardınca məzunların adları səsləndirilib və onlar səhnəyə dəvət edilərək təntənəli şəkildə məzuniyyət sənədlərini alıblar.
Tədbirdə Azərbaycan xalq oyunları və musiqi proqramı da təqdim edilib. Mərasimin sonunda 200-ə yaxın məzun ənənəvi kep atma mərasimində iştirak edib. Daha sonra iştirakçılar xatirə fotosu çəkdirib, proqram məzuniyyət kokteyli ilə yekunlaşıb.
Şərhlər