Vaxtilə sakinlərin gediş-gəlişini asanlaşdıran piyada körpüsü bu gün təhlükə mənbəyinə çevrilib.
Şirvanda Molla Vəli Vidadi küçəsi ilə 1 May küçəsini birləşdirən Baş Şirvan kollektoru üzərində yerləşən bu körpüdən hər gün yüzlərlə sakin istifadə edir. Körpünün vəziyyəti övladı hər gün buradan keçib məktəbə gedən valideynləri daha da narahat edir.
Sakinlərin sözlərinə görə, körpünü ayaqda saxlamaq üçün dəfələrlə öz imkanları hesabına kiçik təmir işləri aparıblar. Lakin görülən bu işlər problemin qarşısını almağa kifayət etməyib. Dəmir-beton konstruksiyalar yenidən sıradan çıxıb, beton parçaları tökülüb, armatur hissələri üzə çıxıb. Körpünün altından isə Baş Şirvan kollektoru keçir. Bu isə o deməkdir ki, körpünün hər hansı hissəsinin çökməsi və ya ehtiyatsızlıq ağır nəticələrə səbəb ola bilər.
Təhlükə təkcə uşaqlar üçün deyil. Yaşlılar, xəstələr və hər gün bu yoldan istifadə edən sakinlər də körpüdən keçərkən ehtiyatlı davranırlar. Sakinlərin sözlərinə görə, körpünün vəziyyəti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Lakin indiyədək problemin həlli istiqamətində nəticə əldə olunmayıb.//Xəzər TV
Şərhlər