Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür.
Qaynarinfo xəbər verir ki, Tutanxamonun məzarı, kəşfindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, yeni müzakirələrin mərkəzindədir. Misirşünas Nikolas Rivz və onun komandasının irəli sürdüyü yeni qiymətləndirməyə görə, KV 62 kodlu məzar gənc firon üçün sıfırdan hazırlanmış müstəqil tikili olmaya bilər. Tədqiqatçılar məzarın daha böyük bir tikilinin yalnız görünən hissəsi olduğunu və gizli bölmələrin Kraliça Nefertitiyə aid ola biləcəyini irəli sürürlər.
Tutanxamonun eramızdan əvvəl 1333-1324-cü illər arasında hakimiyyətdə olduğu və təxminən 19 yaşında gözlənilmədən vəfat etdiyi məlumdur. Bu erkən ölüm səbəbindən dəfn hazırlıqlarının tələsik aparılmış ola biləcəyi düşünülür. Məzardan ya əvvəllər mövcud olmuş mülki tikilinin genişləndirilməsi yolu ilə istifadə edildiyi, ya da kraliça üçün hazırlanmış daha böyük məzarın bölünərək istifadəyə verildiyi ehtimalları nəzərdən keçirilir.
Tədqiqatçıların ikinci variantı daha güclü hesab etmələrinin əsas səbəblərindən biri məzarın memarlıq quruluşudur. XVIII sülalə dövründə krallara məxsus məzarlar əsasən sağa yönələn plana malik olduğu halda, KV 62 sola doğru irəliləyir. Bu quruluş həmin dövrün kraliça məzarlarında müşahidə edilən memarlıq xüsusiyyətləri ilə daha çox uyğunlaşır. Divar bəzəklərində də bu ehtimalı dəstəkləyən detallar var.
Şimal divarındakı fiqurların üz cizgiləri və profilləri üzərində aparılan araşdırmalar bu gün Tutanxamonun dəfn mərasimini əks etdirdiyi düşünülən səhnənin fərqli tarixçəyə malik ola biləcəyinə işarə edir. Rivzin şərhinə görə, təsvir əvvəlcə Tutanxamonun sələfi Nefertiti üçün keçirilən dəfn mərasimini əks etdirə bilərdi.
Memarlıq göstəriciləri ilə yanaşı, geofiziki ölçmələr də müzakirəni gücləndirən nəticələr ortaya qoyub. Mikroqravimetriya və yeraltı radarla aparılan araşdırmalar zamanı mövcud məzarın şimalında əlavə boşluqlar müəyyən edilib. Bu ölçmələrə əsasən, dağıntılarla bağlanmış dəhlizlərin birləşdirdiyi 5-6 ayrı otağın mövcud olması ehtimal edilir. Sözügedən sahələrin həqiqətən məzar otaqları olub-olmadığı isə hələ fiziki araşdırma ilə dəqiqləşdirilməyib.
Tədqiqatçıların məqsədi ehtimal olunan otaqlardan ən azı birinə birbaşa daxil olaraq nəzəriyyəni təsdiqləməkdir. Belə bir kəşf yalnız Tutanxamonun məzarının əsl quruluşuna dair təsəvvürləri dəyişməklə kifayətlənməyə bilər; Nefertitinin uzun müddətdir tapılmayan məzarına dair ən güclü ipuclarından birini də üzə çıxara bilər.
1922-ci ildə "Howard Carter" Tutanxamonun məzarını açarkən qarşılaşdığı yüzlərlə tarixi artefakt bu kəşfi arxeologiya tarixinin ən mühüm hadisələrindən birinə çevirmişdi. İndi həmin məzarın divarlarının arxasında yeni otaqların mövcudluğu təsdiqlənərsə, təxminən bir əsr sonra eyni ərazidə oxşar miqyasda yeni arxeoloji hadisə baş verə bilər.
Aydın
Şərhlər