Siyasət 17:30 06.08.2020

Prezidentdən növbəti islahatlar anonsu: "Yaxın günlərdə..."

"Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz".

Hit.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bugünki müşavirədə çıxışı zamanı deyib.

Prezident dövlət şirkətlərinin səmərəli çalışmadığını, gəlir gətirmədiyini tənqid edib və daha sonra deyib:

"Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".

Dövlət başçısı ölkədə iqtisadiyyatın liberallaşmması məsələsinə də toxunub:

"Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. 

Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. 

Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. 

Biz özümüz maraqlı olmalıyıq. 

Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. 

Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq".