Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə jurnalistlərlə söhbəti zamanı Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı açıqlaması Ermənistanın xarici və təhlükəsizlik siyasətindəki dəyişiklikləri yenidən gündəmə gətirib.
Putin bildirib ki, Ermənistan Rusiya bazasının ölkə üçün artıq lazım olmadığını düşünürsə, Moskva “hətta sabah” Gümrüdən çıxa bilər. Lakin Rusiya liderinin əsas mesajı bəlkə də bu sualda gizlənir: “Ermənistan buna hazırdırmı?”
Bu, sadəcə hərbi baza məsələsi deyil. Kreml bununla İrəvana bildirir ki, Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmaq siyasi qərardan daha böyük məsələdir və bunun konkret hərbi nəticələri olacaq.
Gümrüdəki 102-ci baza 1995-ci il müqaviləsi əsasında fəaliyyət göstərir. 2010-cu ildə bazanın Ermənistanda qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Buna görə də onun çıxarılması sadəcə siyasi bəyanatla baş verə biləcək proses deyil.
Bununla belə, Putinin açıqlaması göstərir ki, Moskva məsələni hüquqi müqavilədən daha çox Ermənistanın siyasi seçimi kimi təqdim edir.
Ermənistan son illərdə Rusiyadan uzaqlaşır. İrəvan KTMT-də iştirakını faktiki dondurub, Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdırıb, ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik əlaqələrini genişləndirib. Aİ-nin Ermənistandakı müşahidə missiyası EUMA fəaliyyətini davam etdirir. ABŞ isə Ermənistanla müdafiə və təhlükəsizlik əməkdaşlığını, o cümlədən hərbi təlimlər, müdafiə sənayesi və ordunun imkanlarının artırılması istiqamətində əməkdaşlığı genişləndirir.
Lakin burada mühüm fərq var. Qərbin Ermənistandakı hazırkı iştirakı Rusiya hərbi bazasının birbaşa alternativi deyil. EUMA hərbi müdafiə missiyası deyil, ABŞ-la əməkdaşlıq isə Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib. Yəni Rusiya bazası çıxacağı təqdirdə onun yaratdığı hərbi imkanların dərhal başqa güc tərəfindən əvəzlənəcəyinə zəmanət yoxdur.
İrəvanın son illərdəki siyasəti göstərir ki, Ermənistan tədricən “xarici müttəfiqin təhlükəsizlik çətiri” modelindən uzaqlaşaraq öz ordusunu gücləndirməyə çalışır.
Bununla yanaşı, Ermənistanın təhlükəsizlik hesablamalarında Azərbaycan və Türkiyə ilə münasibətlər də mühüm yer tutur. Azərbaycanla sülh prosesinin irəliləməsi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması Ermənistan üçün yeni təhlükəsizlik mühiti yarada bilər.
Əgər Azərbaycanla davamlı sülh əldə olunarsa və Türkiyə ilə münasibətlər normallaşarsa, Ermənistanın xarici hərbi himayədara ehtiyacı da əhəmiyyətli dərəcədə azala bilər.
Bu baxımdan Ermənistan üçün əsas məsələ yalnız “Rusiya getsin, yoxsa qalsın?” deyil. Rusiya gedərsə, Ermənistan öz təhlükəsizliyini hansı model əsasında təmin edəcək?
Putinin “istəmirsinizsə, çıxacağıq” bəyanatı bir tərəfdən İrəvana seçim hüququ verir, digər tərəfdən isə məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoyur. Moskvanın mesajı belə oxuna bilər: “Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşırsınızsa, bunun nəticələrinə də hazır olmalısınız”.
Bu baxımdan Putinin açıqlaması Ermənistan üçün xəbərdarlıq xarakteri daşıyır.
Amma prosesin digər tərəfi də var. Gümrü bazasının çıxarılması Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövqelərini daha da zəiflədə bilər.
Beləliklə, məsələ bir hərbi bazanın taleyindən daha böyükdür. Söhbət Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının dəyişməsindən gedir.
Əgər Ermənistan Rusiyanın hərbi mövcudluğundan imtina edərsə, bu, sadəcə Moskvanın çıxması olmayacaq. Bu, İrəvanın təhlükəsizlik modelini dəyişməsi demək olacaq.
Bu modelin nə qədər uğurlu olacağını müəyyən edəcək əsas amil yeni hərbi baza deyil, Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərin təmin olunmasıdır.
Siyasət şöbəsi
Şərhlər