“Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov təşkilatın fəaliyyəti, keçdiyi inkişaf yolu və görülən işlər barədə sualları cavablandırıb.
Qaynarinfo AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.
- “Femida Könüllüləri” Təşkilatının yaranmasından artıq 3 il ötür. Geridə qoyduğunuz bu illər ərzində təşkilatın keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?
- Üçillik fəaliyyət dövrü təşkilatımızın formalaşması, institusional inkişafı və əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından son dərəcə əlamətdar və məhsuldar olub. Fəaliyyətimizin ilk günündən qarşımıza aydın məqsəd qoymuşduq: Gənc hüquqşünasların ali məktəblərdə əldə etdikləri nəzəri bilikləri real iş və hüquq mühitində uğurla tətbiq etmələrinə şərait yaratmaq, onların peşəkar vərdişlərini inkişaf etdirmək, dövlətçiliyə sadiq, ictimai məsuliyyət dərk edən təşəbbüskar kadrların yetişməsinə dəstək olmaq. Qürurla deyə bilərik ki, qarşıya qoyduğumuz bu hədəflərə nail olmuşuq. “Femida Könüllüləri” könüllülük fəaliyyəti həyata keçirən təşkilat olmaqla yanaşı, gənclərin potensiallarını reallaşdırdığı, peşəkar mühitlə əlaqə quraraq təcrübə topladığı və cəmiyyətə faydalı təşəbbüslər irəli sürən geniş platformadır.
- Ötən üç il ərzində təşkilata gənc hüquqşünasların axını və qurumlarla əməkdaşlıq miqyası hansı səviyyəyə çatıb?
- Ötən müddət ərzində fəaliyyət miqyasımızı həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə genişləndirdik. Bu dövr ərzində hərəkatımıza respublika üzrə ümumilikdə 2152 gənc hüquqşünas qoşulub. Həmin gənclərin cəlb edildiyi fəaliyyətlərin sayı isə 2463-ə yüksəlib. Bu rəqəm təşkilatımızın inkişafına və formalaşdırdığımız peşəkar mühitə verilən dəyərli töhfədir. Gənclərin nəzəri biliklərini praktikaya çevirmələri məqsədilə məhkəmələrlə, ədliyyə qurumları ilə yanaşı, vəkil büroları və mediasiya təşkilatları ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Bu gün 91 dövlət və qeyri-dövlət qurumu ilə tərəfdaşlıq etməyimiz fəaliyyətimizin institusional əsaslarının nə qədər güclü olduğunu göstərir. Eyni zamanda, ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrinin təşkilatımıza göstərdiyi yüksək etimad bizim üçün böyük motivasiya mənbəyidir.
Həyata keçirdiyimiz məqsədyönlü tədbirlər nəticəsində yay aylarında 58 regionu əhatə edən və 375 könüllüdən ibarət geniş regional şəbəkə formalaşdırılıb. Xüsusilə Naxçıvandakı, Qarabağdakı və digər bölgələrdəki gənclərin yerli dövlət və qeyri-dövlət qurumlarının işinə cəlb olunması, hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməsi qazandığımız mühüm uğurlardandır. Əminik ki, gənclərin inkişafı yalnız paytaxtla məhdudlaşmamalıdır, regionlardakı istedadlı gənclərin də öz potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması ölkənin ümumi inkişafının mühüm şərtidir.
- Salman müəllim, könüllülər fəaliyyət göstərdiyi qurumlarda hansı zəruri bacarıqlara yiyələnirlər?
Gənc hüquqşünasların real iş mühitinə adaptasiya olması üçün dörd əsas modul üzrə praktiki proqramlar həyata keçiririk:
Məhkəmə modulu üzrə könüllülər sənəd dövriyyəsi və məhkəmə iclaslarının təşkil olunması, həmçinin məhkəmə aparatlarının daxili iş rejimi və qaydaları ilə yaxından tanış olurlar. Onlar müxtəlif işlərin icraata qəbul edilməsi və qeydiyyata alınması kimi proseslərdə iştirak edib, reyestrlərin, məhkəmə iclası protokollarının və qərarların tərtib olunmasında bilavasitə iştirak edərək təcrübə qazanırlar. Eyni zamanda könüllülərin hakimlərin birbaşa iştirakı ilə baş tutan təlimlərdə və məhkəmə iclaslarında iştirakı vasitəsilə ədalət mühakiməsinin real həyatda necə həyata keçirildiyini əyani şəkildə müşahidə etmək imkanı yaradır. Vəkillik modulu çərçivəsində vəkil büroları ilə qurulan tərəfdaşlıq sayəsində gənclər təcrübəli vəkillərin gündəlik fəaliyyətini müşahidə edir, hüquqi yardımların göstərilməsi prosesini izləyirlər. Ədliyyə modulu çərçivəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirici tapşırıqlara cəlb edilən gənclər dövlət idarəçiliyi və hüququn tətbiqi mexanizmlərini dərindən mənimsəyirlər. Bu istiqamətdə könüllülər ədliyyə sisteminin müxtəlif qurumlarının gündəlik iş prosesi, vətəndaşlara göstərilən hüquqi xidmətlər və normativ-hüquqi aktların tətbiqi təcrübəsi ilə yaxından tanış olurlar. Mediasiya modulu çərçivəsində könüllülər alternativ uyuşmazlıqların həlli institutları ilə əməkdaşlıq çərçivəsində könüllülər tərəflər arasında danışıqların aparılması, barışıq sazişlərinin hazırlanması və mübahisələrin məhkəmədənkənar həlli yolları üzrə zəngin praktiki biliklər əldə edirlər.
- Gənc hüquqşünasların intellektual səviyyəsinin, analitik düşüncə tərzinin və peşəkar vərdişlərinin artırılması məqsədilə ötən müddət ərzində hansı mühüm layihə və təşəbbüslərə həyata keçirilib?
Gənclərin təkcə nəzəri biliklərlə kifayətlənməyərək, mürəkkəb hüquqi situasiyalarda düzgün qərarlar qəbul etməsi üçün müxtəlif layihələr icra etmişik. "Femida Akademiya" layihəsi çərçivəsində könüllülər yerlərdə təşkil olunan ixtisas yönümlü təlimlər və mərkəzləşdirilmiş təlimlər olmaqla 2 növ təlimlərdə iştirak edə bilirlər. Layihədə iştirak edən gənclər peşəkar hüquqşünasların aktual mövzular üzrə təcrübələrini mənimsəyir, yeni biliklərə yiyələnir və kazusların üzərində çalışırlar, bu da onların nəzəri biliklərinin artırılmasında mühüm rol oynayır. Qeyd etmək istərdim ki, hesabat dövrü ərzində 1121 hüquq tələbəsinə təlimlər keçirilmiş və onların nəzəri bilikləri real təcrübə əsasında möhkəmləndirilmişdir. Gənclərin analitik təfəkkürünü inkişaf etdirən və böyük maraq doğuran "Legal Ring" intellektual yarışında ümumilikdə 491 könüllü mübarizə aparmışdır. "Breyn-rinq" və "Nə? Harada? Nə zaman?" formatında təşkil olunan bu yarışlar sağlam rəqabət mühiti yaratmışdır.
"Legal Meetup" layihəsilə könüllülərin hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşləri təşkil edilərək onların praktiki təcrübə ilə yaxından tanış olmaları təmin edilib. Könüllülərin hüquqi-nəzəri biliklərinin artırılması və onların peşəkarların təcrübələrindən faydalanması məqsədilə start verilən bu platformaya ümumilikdə 363 könüllü iştirak etmişdir. "Dəyirmi Masa" layihəsində isə 233 gənc real kazusları müzakirə edərək hüquqi əsaslandırma bacarıqlarını artırmışdır. Bundan əlavə, hakim və vəkillərin iştirakı ilə məhkəmələrdə və vəkil bürolarında 526 könüllünün qatıldığı 51 təlim təşkil olunmuşdur. Həmçinin, “Xarici dil klubu” layihəsi çərçivəsində Femida könüllülərinin üç ay ərzində akademik və peşəkar mühitdə xarici dillərdən daha sərbəst və effektiv istifadə bacarığını artırmaq məqsədilə məşğələlərin tədrisi həyata keçirilir. Hər buraxılış üzrə məşğələlər iştirakçıların dil bacarıqlarına uyğun olaraq danışıq, qrammatika və praktik tapşırıqlar əsasında formalaşır. Ümumilikdə, layihə çərçivəsində 64 könüllü məşğələlərə cəlb olunmuşdur.
- Təşkilatın fəaliyyət istiqamətlərindən biri olan cəmiyyətin hüquqi maarifləndirməsi sahəsində hansı işlər görülür?
- Hüquqi maarifləndirmə fəaliyyətimizin əsas sütunlarından biridir. Biz hüququ yalnız hüquqşünaslar üçün deyil, hər bir vətəndaş üçün anlaşılan və əlçatan etməyə çalışırıq. Üç il ərzində həyata keçirdiyimiz maarifləndirmə təşəbbüsləri ümumilikdə 150 mindən çox şəxsi əhatə edib. Bu məqsədlə “Gündəlik hüquq”, “Doğrusu belədir”, “Təhsilalanların hüquq bələdçisi”, “Legal English” layihələri icra olunub, həmçinin “Femida TV” və “Femida FM” platformaları vasitəsilə hüquqi mövzular 70 mindən çox auditoriyaya çatdırılıb. Bununla yanaşı, “Zəfər salnaməsi” və “Hüquqlarını dəyərləndir” düşərgələri gənclərdə vətənpərvərlik və komanda ruhunun güclənməsinə, həmçinin onların asudə vaxtının səmərəli keçməsinə xidmət edib.
- Qarşıdakı mərhələdə təşkilatın qarşısında duran hədəflər hansılardır?
- Əvvəlki dövrlərdə təşkilatın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri – hüquqşünas gənclərlə iş sahəsində uğurlu "milli model"in yaradılması və qlobal hüquq mexanizmlərini tətbiq edə bilən peşəkar şəbəkənin formalaşdırılması niyyəti artıq tam reallaşıb. Təşkilat qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərini müasir dövrün tələblərinə uyğun olaraq daha da genişləndirib təkmilləşdirməyi hədəfləyir. Həmçinin “Femida Akademiya” layihəsi klassik hüquqi mövzularla yanaşı, müasir dövrün aktual tələbləri çərçivəsində süni intellekt və rəqəmsallaşma sahələri üzrə də ixtisaslaşdırılmış təlimlərin keçirilməsini qarşıya məqsəd qoyub.Gənc hüquqşünasların peşəkar inkişafını dəstəkləmək məqsədilə yeni layihələr hazırlanır və həyata keçirilməsi planlaşdırılır.
Şərhlər