Dünya 14:22 14.05.2022

Putin və Zelenskinin düyünə düşən görüşünün taleyi necə olacaq? - Tofiq Zülfüqarov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Volodimir Zelenski ilə görüşdən imtina etmir, lakin bunun üçün "sənəd” lazımdır. "Burada mövqe heç bir şəkildə dəyişməyib, siz Rusiya prezidentinin mövqeyini yaxşı bilirsiniz. Heç kim apriori belə bir görüşün mümkünlüyündən imtina etmir, lakin buna hazır olmaq lazımdır. Bu görüşə hazırlıq yalnız müvafiq sənədin işlənib hazırlanmasında ifadə oluna bilər və göstərilməlidir ki, bu sənəd daha sonra ən yüksək səviyyədə yekunlaşdırılmalıdır”, deyə Peskov bəyan edib. 

Ondan əvvəl isə Zelenski bildirmişdi ki, Putinlə görüşə heç bir vasitəçi olmadan hazırdır. Ancaq bu görüş ultimatum şərtlərilə deyil, dialoq şərtlərilə aparılmalıdır. 

Ukrayna daxili işlər nazirinin müavini Viktor Andrusiv isə belə bir məlumat yayıb ki, Rusiya artıq Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başlayıb. Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə Kiyevi ələ keçirmək cəhdi", ikinci mərhələdə "Ukrayna qüvvələrinin şərqdə geniş mühasirəyə alınması”ndan ibarət olub: "Bir mühasirənin çox böyük olması planlaşdırılırdı, onlar onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər. İkinci mühasirə elə planlaşdırılmışdı ki, Kramatorsk və Slavyansk ilə birlikdə nəzarətə alına bilsin. Buna nail ola bilmədilər. İndi isə son dərəcə kiçik bir mühasirə ilə qalıblar - əslində indiki hədəf Severodonetsk və Lisiçanskdır, lakin onlar da bunu edə bilməzlər”.

Ukirayna rəsmisi onu da bildirib ki, indi rusların dayandıqları yerləri müdafiə etməyə hazırlaşmağa başlaması ilə üçüncü mərhələ başlayıb. Əslində, Kiyev rəsmisinin bu açıqlaması lend-liz vasitəsilə daha güclü silahlar alan Ukraynanın yaxın zamanlarda əks-hücuma keçəcəyinə işarədir. 

Bu məsələlərlə bağlı Qaynarinfo-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Peskov Putinin Zelenski ilə görüşü üçün "sənəd” lazım olduğunu deyərkən, İstanbulda müzakirə olunan mövzuları nəzərdə tuta bilər:



"Putin hesab edir ki, Ukrayna məğlub tərəfdir. Bu əsasda da qaydalara uyğun məğlub tərəfə özünün hansısa siyasi tələblərini yeritmək istəyir. Bu mənada düşünürəm ki, həmin mövzular təxminən İstanbulda müzakirə olunan mövzular ola bilər. Moskvanın tələbi odur ki, Kiyev Krımın Rusiyaya "birləşməsini” tanıyır, "LXR” və "DXR”in adminstrativ sərhədləri daxilində statusuna dair danışıqlara başlamağı üzərinə öhdəlik olaraq götürür. Kiyev buna getməsə və hərbi baxımdan müqavimət göstərməsə, yeni mövzular da ortaya çıxa, Xerson "respublikası” da yaradıla bilər. Hətta Rusiyanın işğal planında Odessanın tutulması da ola bilər. Peskov Putinin Zelenski ilə görüşməsi üçün müvafiq "sənəd”in lazım olduğunu deyərkən böyük ehtimalla məhz bunları nəzərdə tutub. Əslində hər şey müharibənin gedişindən asılı olacaq”. 

Tofiq Zülfüqarov qeyd edir ki, Ukrayna daxili işlər naziri müavinin bəyanatı nisbətən həqiqətə uyğundur, lakin bu açıqlamanın da bir hissəsi təbliğata hesablanmış addımdır:

"Rusiyanın Ukraynaya hücumunun ikinci mərhələsində Mariopol və "Azovstal” demək olar ki, ruslar tərəfindən tam işğal olunub. İndi də rus ordusu Luqansk və Donetskin adminstrativ sərhədinə daxil olmaq istəyir. Amma burada Ukrayna ordusunun əsas qüvvələri cəmləşdiyindən vəziyyət daha çətindir. Bu mənada Kiyev rəsmiləri Rusiyanın artıq müdafiəyə keçdiyini deməklə, Ukrayna ordusunun hücuma keçəcəyini demək istəyirlər. Bunun nə dərəcədə həqiqət olduğu isə prosesin sonrakı gedişi fonunda bəlli olacaq”. 

Rüfət Sultan