"Putinin bu açıqlaması Ukrayna ilə ABŞ arasında nifaq toxumu səpməyə hesablanıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun Ukrayna lideri Volodimir Zelenskidən qurtulacağı, hətta onların yeni namizədlərinin olduğu barədə sensasiyalı fikirlərini şərh edərkən deyib.
Natiq Miri vurğulayıb ki, ABŞ-ın Zelenskini dəyişmək istəməsilə bağlı məlumatın Putin səviyyəsində dilə gətirilməsi yalnız bu iki dövlət arasında münasibətlərə zərər vermək kontekstində düşünülə bilər:
"Bir tərəfdən Ukrayna yenidən ən strateji silahlarla təmin edilir. Yaxın aylarda F-16 qırıcı təyyarələri də Ukrayna səmasında görünəcək. Bunlar isə Moskvanı narahat edir. Habelə, Rusiyanın Xarkov istiqamətindəki hücumları da istənilən nəticəni vermir".
Politoloq bildirib ki, Qərb həmçinin, Kiyevə Rusiya ərazisindəki hərbi obyektləri vurmağa icazə verib:
"Bütün bunlar fonunda düşünəndə Moskva sözsüz ki, ABŞ-la Ukrayna arasında münasibətlərin gərgin olmasını istərdi".
Ekspert qeyd edib ki, indiki vəziyyətdə Zelenskinin dəyişdirilməsi aktual deyil. Bu məlumat təxribat xarakterlidir:
"Ukraynaya yeni-yeni silahlar gəlir. Ukrayna ordusu hətta bəzi mövqelərdə əks-hücuma keçib. Belə həssas məqamda "atların dəyişdirilməsi" mümkünsüzdür. Ona görə də Putinin açıqlaması təxribat, dezinformasiya xarakterlidir. Çünki şübhə toxumu elədir ki, mütləq mənada qarşı tərəfə münasibəti istəməsən belə dəyişdirməyə nail olur. Rusiya rəhbərliyi də məhz buna nail olmaq üçün həmin dezinformasiyanı ortaya atıb".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə sensasion iddia ilə çıxış edib. O bildirib ki, Ağ Ev Zelenskidən qurtulacaq, onların yeni namizədləri də var.
Rüfət Sultan
Şərhlər