Sənət 12:34 27.01.2021

Qadın, yoxsa kişi?.. – Sevinc Elsevərlə mübahisə-müsahibə

Qaynarinfo şairə Sevinc Elsəvərlə müsahibəni təqdim edir.

- Sevinc, həm əvvəldən, həm də müasir Azərbaycan ədəbiyyatı nümayəndələrində belə bir fikir var ki, qadınlar o qədər də istedadlı deyillər, ciddi nələrsə yaza bilmirlər. Səncə, düz deyirlərmi? Bu fikir reallığı nə qədər əks etdirir?

- Orxan, bu suala çoxlu cavablar var, çoxlu izahlar veriblər. Onlardan ən çox qadınların xoşuna gələni budur ki, patriarxal cəmiyyətlərdə tarix boyu qadınlar əzilib, təhsil hüquqları tanınmayıb, şəraitləri olmayıb. Kişilər ağillı qadınlardan ehtiyat ediblər. Onları çox vaxt cadugərlikdə ittiham edib öldürüblər, məsələn, Janna Darkı. Şərqdə namus bəhanəsi ilə daş-qalaq edirdilər və s. Bu da istər-istəməz alim, yazıçı qadınların sayının az olmağına gətirib çıxarıb. Qadın instinktlərə kişidən artıq meyllidir. Məsələn, türklərdə misal var: "Yuvanı dişi quş yapar". Bu, elə -belə misal deyil. Çoxalmaq meyli ən çox dişi fərdlərdə özünü göstərir. Bizi tək cəmiyyət deyil, elə təbiət də yükləyib. Təbiət bu işi qadının vəzifəsi kimi görüb. Biz də meyilli olmuşuq. Nəticədə istedadlı qadınları da oğul-uşaq basıb, məişətin bütün ağırlığı da onların çiyninə düşüb. Xüsusən bizim kimi şərq xalqlarının qadınları. Bizim həkim qadınlarımız da, müəllim, kimyaçı, fizik, musiqiçi qadınlarımız da eyni problemi yaşayır. Kişi ilə bərabər işə gedib hətta kişidən sonra evə qayıdıb, yemək bişirən, ev təmizləyən qadınlar var. Bizim cəmiyyətdə uğurlu qadın olmaq özünə ikiqat zülm etməkdir. Deməli, səni həm cəmiyyət çalışdıracaq, həm evdəkilər. Hər biri də müvəffəqiyyət, güc, məsuliyyət tələb edəcək. Üstəlik, hələ namus-qeyrət, yubka-ətək də güdməlisən. Uşaqların səhvlərinin də günahkarı sənsən. Ər xəyanət edirsə, yaxşı qadın olmamısan, deməli, bezdirmisən kişini, onu evdən uzaq salmısan. Bir sözlə, yaxşı dişi quş olmamısan. Ən yaxşısı qu quşu olub, yumurtalarını da özgə yuvalarına buraxmaqdır. Onda bəlkə inkişaf edəsən...

- Amma bunlara baxmayaraq, heç nəyi vecinə almayan, hər şeydən və hər kəsdən azad qadınlar var. Onlar niyə kişilər qədər üzə çıxmır? Yəqin ki, kişilərin nisbətinin daha çox olduğunu qəbul edərsən. Bu tək bizim cəmiyyətdədirmi? Ümumi olaraq da belə bir fikir var: Bu dəqiqə ən yaxşı aşpazlar da kişilərdi, sürücülər də, dərzilər də. Şahidik. Daha çox qadınlara aid olan işlərdə kişilər daha yaxşı hesab olunur. Bu, səncə, qadınların ümumi olaraq zəif olmasından irəli gəlirmi? Yoxsa burda da patriarxal məsələlər var?

- Məncə, bu, kişilərin özləri haqqında uydurduğu mifdir ki, onlar daha yaxşıdırlar. Bəs niyə "babamın təndiri" yox, "nənəmin təndiri" məşhurdur? Sadəcə, babalar çöldə-bayırda bişirirlər, nənələr dam altında. Köhnə bayatılarımızın, laylalarımızın, mahnılarımızın, hətta nağılların hamısını qadınlar uydurub, düzüb-qoşub. İstedadlı olmasalar olmazdı bunlar, dildən-dilə gəlib çatmazdı. Amma qadın bir az da əhəmiyyət verməyib buna. O, xoşbəxtliyi gözəllikdə, sevgidə, təbii hisslərdə görüb. Məncə, bunlar qadını daha çox yayındırıb. Adi misal. Orta məktəb uşaqlarının arasında qızlar daha tez eşqə düşürlər. "Qız tez ayılır" fikri də var. 9-cu sinifdə eşqə düşən qız təhsildə axsayır, oğlan onu ötüb keçir. Tam imtina edən qadın tanımıram. Hardadır o qadınlar ki, sevgidən, ana olmaq istəyindən könüllü imtina eləsin? Bəzilərində olmur, nəyəsə görə alınmır. Könüllü imtina edən qadın mən görməmişəm. Qadının təbiəti də ona mane olur. Həm cəmiyyət, həm də öz təbiəti.

- Bu fikirlər elə həm də cəmiyyətlə bağlıdır. Məsələn, mentalitetlə, məişətlə. Çox görmüşük ki, qadın şair evlənir, uşağı olur, onunla da tükənir. Yaxud da əri qoymur. Sən özünü bu qəbildən hesab edirsənmi?

- Mən 3-cü uşaqdan sonra da yazdım. Amma 3-cü uşaqdan sonra kaş arıq, incə qalardım. Yazmamaq da olardı. (Gülür) Ər isə heç vaxt problem yaratmayıb mənə. Bilirdi ki, kiminlə ailə həyatı qurur...

- Amma deyəsən, mövzularına yaradıb... Ya da elə özün senzura qoymusan. Bir zamanlar erotik şeirlər yazan Sevinc Elsevər hardadır? Subay vaxtı yazdığın erotik şeirlər çox məşhur idi, o qədər məşhur ki, səni sırf bunlara görə tanıyırdılar. Nə oldu sonra?

- Eyni söhbətləri təkrar-təkrar yazmaq nəyə lazımdır? Üstəlik, hər yaşın öz yanaşması olur. Sən deyirsən, 40 yaşına yaxınlaşan qadın 20 yaşındakı qız kimi yanaşsın mövzulara? Amma yenə də yeri gələndə açıq-saçıq səhnələri də işləyirəm mətnlərimdə. Sadəcə, oxumursunuz. 2000-lərin əvvəllərində daha çox oxuyurduq bir-birimizi. Bir-birimizlə maraqlanırdıq. İndi sosial şəbəkələri oxuyuruq. Heç qəzet, jurnal, saytları da o qədər çox oxumuruq. Bu qənaətiniz də ordan doğub. Mən özüm də az oxuyuram elə. Hamını oxuyub çatdıra bilmirəm. Bir puldur, bir də zaman. Heç biri çatmır (gülür).

- Amma hər yaşın öz erotikası var axım... Belə çıxır ki, qocalmağı qəbullanırsan, ona görədir? Ola bilərmi ki, bunun kökündə "ayıbdır, söyərlər, ər..." dursun? Sənin şeirlərində erotika daha çox idi. Hətta bir dəfə sosial şəbəkədə yazmışdılar ki, gecələr yorğanın altında Sevincin şeirlərini oxuyub ehtiraslanıram...

- Elə şeirlərim olmayıb axı. Onu deyənlərə heyrət edirəm. Bu bilirsiz nəyə oxşayır? Filmdə qadını zorlayırlar, təcavüz edirlər, sən də baxıb ehtiraslanırsan. Mən qadın problemlərindən yazmışam. Qadının mental cəmiyyətdəki problemlərindən. Məsələn, "Ürəyində arzu tut" pyesim ölkənin 4 ayrı-ayrı teatrında tamaşaya qoyulub. Əsərin qəhrəmanı Xocalıda əsir götürülən, təcavüz edilən qızdır. Qız vətənə qayıdandan sonra problemləri daha da çoxalır. Öz dayısı arvadı oğlunu o qızla evlənməyə qoymur, halbuki, kənddə nişanlanmışlar. Sonra qız cəmiyyətdə özünə çətinliklə yer tapır. Oxuyur, müəllimə işləyir. Şagirdlərdən birinin əmisi ilə eşq yaşayır. Başlanğıcda sevdiyi kişiyə əsl gerçəklikləri açıb danışmağa qorxur, amma sonra deyir. O kişi də onu zorlamağa çalışır, onsuz da sənə olan olub, mən zorlayanda nə olacaq deyir. Tamaşada bu səhnələr yer alıb. Bu səhnəyə baxıb sən dediklərini fikirləşiblər? Onda icazə ver, o adamlara yazığım gəlsin. Bu səhnəyə baxıb doyunca ağlamaq, qəzəblənmək olar. Əsərdə, yaxud şeirdə yeri gəlməsə bu səhnələri işləmərəm. İndi də mətnlərimdə belə səhnələr olur, yeri gələndə ssenariyə, dramaturgiyaya uyğun olanda. Mən şeirlərdə də dramaturgiya qaydalarını pozmamağa çalışıram.

- Sənin həyat yoldaşın Elsevər də şairdir, yaradıcı insandır. İki yaradıcı insanın başı bir damın altında necə idarə olunur? Maraqlıdır, bir-birinizə münasibət necədir bu məsələdə? Qadın olaraq kişilərin sizlərin yaradıcılığı haqqında olan fikirləri evdə də söhbət mövzusu olurmu? Ümumiyyətlə, düşünürsən, ya müzakirə etmisinizmi hansınız daha istedadlı, daha yaxşı yazırsınız?

- Elsevərdə yazmaq istəyi azdır. Mən də azalır, söz yox. Əvvəlki qədər həvəsim yoxdur. Yəqin ki, bu da ədəbiyyatın bugünki problemləri ilə bağlıdır. Elsevər həmişə az yazırdı həm də. Hərənin öz tempi var. Çox yazmaqla yaxşı yazar sayılmazsan. Amma daim nəsə yazmaq həm də məşqdir. Necə ki, pianoçu saatlarca çalıb məşq edir, üzgüçü üzərək. Elsevər uzun zamandır məşq eləmir. Heç düzünü deyim, mən özüm də. Yazmağa həm həvəsim vardı, həm də bu məni məişətdən uzaqlaşdırırdı. Eli evə bazarlıq edəndə özünü xoşbəxt hiss edir, mən yazı yazanda. Ancaq Elsevər də çox istedadlıdır. Həm də ədəbiyyatın kədəri çoxdur. Hər uğursuzluq adamı daha da dərin depressiyaya salır. Bir növ nəyəsə yoluxmaq, siqaretə alışmaq kimi bir şeydir. Eyni zamanda yaxşı pul, yüksək əhval-ruhiyyə lazımdır. Sovet dövründəki kimi deyil artıq. Sən yazasan, qonorar alıb kef edəsən, kitablarını hökumət çap edə, tərcümə edə, sata. Bundan belə imkanlı adamların uşaqları incəsənətdə uğur qazanacaqlar. Kasıblar da ki... bəxt üzlərinə gülsə. Təkcə ingilis dilini mükəmməl öyrənmək üçün nə qədər pul lazımdır. Xaricə gedib, azı 2-3 il yaşamaq lazımdır. İngilis dilində ən azı oxuya bilməlisən. Mətnlərin tərcüməsində də iştirak edə bilməlisən. Sovet dövründə ciddi yazıçıların çoxu rus dilini ana dili səviyyəsində bilirdi. Bəziləri həm yazırdı, həm oxuyurdu. İndi də ingilis dilini elə bilməliyik. 

- Bizə konkret olaraq elə bir şeirini deyə bilərsənmi ki, "qadınlar yaxşı yaza bilmir" deyənlər onu oxuyub fikrindən daşınsın?

- Konkret olaraq hansısa şeirdən danışmaq istəmirəm. Ancaq elə kifayət qədər zövqlü, ağıllı kişi yazarlarımız şeirlərim haqqında müsbət fikirlər səsləndiriblər. Mənim də, digər qadın yazarlarımızın da.

- Sevinc, müasir Azərbaycan ədəbiyyatında ən ciddi hesab etdiyin qadın yazarlar kimlərdi? Hansı ki, baxıb deyirsən, bu məndən də, hamıdan da yaxşı yazır. Təbii ki, həm də kişilərlərlə fərqdə. Elə qadın yazar varmı ki, onu bütün kişi yazarlardan üstün biləsən?

- Adətən bu sual qadın yazarların xoşuna gəlmir. Kişilərlə müqayisədə kim yaxşı yazır? Bu sualın özündə də ayrı-seçkilik var. Qaldı ki, qadın yazarlara, təbii ki, var, olub. 16 yaşımda Ummulbanini oxuyub heyrət etmişdim. Çox böyük təsir etmişdi mənə.

- Müasir Azərbaycan ədəbiyyatından ad çəkə biləcəyin heç kim yoxdur?

- Var. Çoxdur onlar da. Məsələn, Nərmin Kamal. Öz üzərində çox çalışır, özünə qarşı tələbkardır. Cavidan məhsuldardır. Daha əvvəlki nəsildən Afaq Məsudun hekayələrini xoşlayıram. Hekayə yazan qızlar çoxdur. Sadəcə, nə yalan deyim, hamını izləməyə vaxt olmur elə də.

- Bəs, üzdə olanlardan necə, bəyənmədiyin varmı? Oxuyursan, görürsən heç nə yoxdu, istedadsızdır, zəlzələdən ya vəlvələdən tanınıb. Ad çəkə bilərsən?

- Bizdə yazarlar artıq çoxfunksiyalıdır. Məsələn, onlar həm köşə yazırlar, həm ictimai fəallıqla məşğuldurlar, həm şeir, həm hekayə. Özünü çox yerə böləndə bəzən heç yarıtmırsan, bəzən birini yarıdırsan. Lovğalanan qazın misalı; nə yaxşı uça, nə yaxşı qaça, nə də yaxşı üzə bilirsən. Belələri çoxdur. Amma üzdə olmaq da asan iş deyil. Ada gəldikdə isə kiminsə adını çəkib, düşmən qazanmaq istəmirəm. Qadınlar kinli olur (gülür).

- Müsahibə üçün təşəkkürlər.

- Çox sağ ol. Mən təşəkkür edirəm. 

Orxan Saffari