Neandertalların qədim düşərgələrindən birində aparılan yeni tədqiqat nəticəsində onların heyvan sümüklərindən yağ çıxarmaq üçün "yağ fabriki” kimi fəaliyyət göstərən xüsusi məkanda genişmiqyaslı emal prosesi apardıqları müəyyən edilib. Bu tapıntı neandertalların təkcə ovla kifayətlənmədiyini, həm də kalorili maddələrin əldə olunması üçün məqsədyönlü planlamaya malik olduqlarını göstərir.
Qaynarinfo xəbər verir ki, Leyden Universitetindən tədqiqat rəhbəri Vil Ryöbruksun sözlərinə görə, 28 min il əvvələ qədər belə bir fəaliyyətin sübutu olmamışdı. Halbuki indiki tapıntılar neandertalların yox olmasından daha əvvəl bu cür kompleks fəaliyyətlə məşğul olduqlarını ortaya qoyur.
Ryöbruks "IFLScience" nəşrinə açıqlamasında bildirib:
"Müasir insan kimi biz barbekü üçün ətə üstünlük veririk, lakin qədim ovçular üçün bu, çox da arzuolunan sayılmırdı. İnsan gündə cəmi 300 qram zülal qəbul edə bilər, ona görə də enerji balansı üçün əlavə karbohidrat və ya yağ tələb olunurdu”.
Neandertallar sümük yağı əldə etmək üçün onları xırda hissələrə doğrayır, sonra isə ehtimal ki, suyun içində saatlarla qaynadaraq yağını ayırırdılar. Bu isə kifayət qədər vaxt və enerji sərf etməyi tələb edirdi. Məhz bu baxımdan Almaniyanın Noymark-Nord adlı arxeoloji sahəsində aparılan qazıntılar əhəmiyyətli olub. Orada tapılan 172 iri məməlidən, o cümlədən at və marallardan qalan sümük parçaları neandertalların yağ əldə etmək məqsədilə genişmiqyaslı emal işləri apardıqlarını sübut edir.
Alimlər qeyd edirlər ki, bu, paleolit dövründə yağın bu dərəcədə intensiv şəkildə çıxarılmasının ən erkən və aydın sübutudur.
Tədqiqatçılar bildirirlər ki, sümük ehtiyatı müəyyən zaman ərzində toplanaraq daha sonra Noymark-Norda daşınıb və burada kütləvi şəkildə emal edilib. Bu isə neandertalların yalnız gündəlik ehtiyaclara deyil, həm də gələcəyə yönəlik planlama qabiliyyətinə malik olduqlarını göstərir.
Ryöbruks əlavə edir:
"Bu, onların ani ehtiyaclara yönəlmiş toplum olmadıqlarını göstərir. Əksinə, görünür ki, qida ehtiyatı yığmaqla gələcək üçün də düşünürdülər”.
Hazırda sümük yağının necə istehlak edildiyi tam aydın olmasa da, alimlər ehtimal edirlər ki, ya qurudulmuş şəkildə saxlanılırdı, ya da tərəvəz yeməklərinə əlavə olunaraq qidanın qidalandırıcılığı artırılırdı.
Aydın
Şərhlər