Xəbər lenti

İdman 17:39 09.12.2022

“Qarabağ”a məğlubiyyət, çempionluğa ümidsizlik və indiki pullar o vaxt olsaydı... (MÜSAHİBƏ)

Son vaxtlar "Neftçi”də işlər qaydasında getmir. Azərbaycan Premyer Liqasının geridəqalan turunda "Qarabağ”a 0:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Zirə”yə də uduzdu. Bu, artıq komandanın heç də yaxşı günlər yaşamadığından xəbər verir. 

"Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov paytaxt təmsilçisinin hazırkı durumuna toxunub. Mütəxəssis Qaynarinfo-ya müsahibəsində bunları deyib:

- Artıq Premyer Liqada qış fasiləsinə yaxınlaşırıq. Mövsümün geridə qoyduğumuz hissəsini dəyərləndirməyinizi istərdim.

- Açığı, Premyer Liqada hələ ki, məni təəccübləndirən nəsə olmayıb. Çempionatın oyunlarına baxırıq. Maraqlı, maraqsız oyunlar olub. Deyə bilərəm ki, maraqlı oyunların sayı barmaqla sayılası qədərdir. "Qarabağ”la "Sabah”ın, "Neftçi” ilə "Qarabağ”ın oyunları maraqlı oldu. Buna dünən Azərbaycan Kubokunda keçirilən "Qarabağ” - "Qəbələ” matçını da əlavə etmək olar. Digərləri eyni səviyyədə və tempdə keçib. Demək olar, ilk və ikinci "beşlik” komandaları öz yerlərini tutub. Birinci və ikinci "beşlik”də kimlərin mübarizə apardığı, demək olar, məlumdur. Sizin, bizim düşündüyümüz kimi davam edir. Xüsusi maraqlı nəsə görmədik. 

- "Neftçi”nin durumu haqda fikirləriniz necədir? "Qarabağ”a 0:4 hesablı məğlubiyyətdən sonra, demək olar cari mövsümün qalibi böyük ölçüdə müəyyənləşib?

- "Qarabağ” Avroliqada özünü yaxşı tərəfdən göstərdi. Komandanın Azərbaycan çempionu olacağını əvvəldən də demişdik. Bu çempionatda "Qarabağ”la ayaqlaşa bilən komanda görmürəm. Düzdür, "Sabah”la "Neftçi” də çempionluq uğrunda mübarizə aparır. Amma oyunlara baxanda "Qarabağ” daha üstündür. "Neftçi”yə gəlincə, çempionatın sonuna hələ çox var. Mübarizə aparmalıdırlar. Ola bilər, qış fasiləsində daha da güclənərlər. Eşitdiyimə görə, yeni rəhbərlik fərqli, güclü "Neftçi” formalaşdırmaq istəyir. Bunu siz jurnalistlərdən eşidirəm. Yəqin ki, komandanı gücləndirəcəklər. "Neftçi”nin oyunları heç xoşuma gəlmir. "Zirə”yə 0:1 hesabı ilə məğlub olanda çox əsəbiləşmişdim. Yalan deməyim, "Neftçi” məğlub olanda çox əsəbiləşirəm. "Neftçi”nin futbolçuları harada oynadıqlarını bilməlidirlər. Sinələrində gəzdirdikləri loqonun mənasını dərk etməlidirlər ki, Azərbaycanın ən köklü komandasıdır. Düşünürəm ki, bunu dərk etmirlər. Oyunlara çıxanda hiss olunur ki, 90 dəqiqəni başa vurub getmək istəyirlər. Bu mənada "Zirə” ilə oyunda da mövqelər baxımından anlaşılmazlıq var. Oyun intizamı təmiz itmişdi. Kim hansı mövqedə istəyirdi oynayırdı. Ona görə də məğlub oldular. Düzdür, növbəti oyun da var. O demək deyil ki, "Neftçi” uduzdusa, getdi. Komandanın möhtəşəm azarkeşləri var. Onlar komandadan qələbə istəyirlər, düz edirlər. İnanıram ki, növbəti oyunda qələbə qazanıb mərhələni keçə biləcəklər. Ancaq belə oyunla "Zirə”ni keçə biləcəklərini ağlım kəsmir. Qol buraxandan sonra meydanda anarxiya idi.

- "Qarabağ”la oyundan sonra komandanın üzvləri azarkeşlərə yaxınlaşsalar da söyüşlə, təhqirlə qarşılandılar. Hətta onları sakitləşdirmək istəyən kapitan Emin Mahmudov belə eyni münasibət gördü. Sizin bu məsələlərə münasibətiniz necədir?

- Azarkeşlər komandalarına həmişə dəstək olurlar. İstəyirlər ki, qalib gəlsin. Amma azarkeşin futbolçunu təhqir etməsinə yaxşı baxmıram. Heç vaxt da yaxşı baxmamışam. "Neftçi”nin azarkeşləri möhtəşəmdir. İstər-istəməz onlar da bezir. Emin Mahmudov hər dəfə bütün məsuliyyəti ilə oynayır. Onun oyunundan çox xoşum gəlir. Emini təhqir ediblərsə, bu, artıq düzgün deyil. Ümumiyyətlə, futbolçuları təhqir etmək olmaz. Etiraz bildirə bilərlər, ancaq təhqirə keçmək, düz deyil. Mən məşqçi işləyəndə həmişə futbolçularıma demişəm ki, meydana çıxırsınızsa, azarkeşlərə qarşı lal və kar olmalısınız. Yəni, onların dediklərini eşitməməli, cavab verməməlisən. Azarkeşdir, kənardan nəsə deyə bilər. Meydançada cavab qaytarsan, oynaya bilməyəcək psixoloji cəhətdən özünü yaxşı hiss etməyəcəksən. Əlbəttə, təhqir olmaz. Kimə icazə veriblər ki, təhqir etsin? Uduzmusansa, tez meydançanı tərk edib, paltardəyişmə otağına getməlisən. Çünki bilirsən ki, uduzanda azarkeşlər çılğın olurlar, sənə hər sözü deyə bilərlər, nəticədə ara qarışar. 0:4-dən sonra azarkeşlərə tərəf gedib nə demək istəyirsən? Demək istəyirsən ki, "Sağ olun”? Azarkeş qələbə istəyir, sən 0:4 hesabı ilə uduzmusan. Futbolçulara deməlidirlər ki, "Sağ o-o-lun, sağ o-o-lun?”. Əlbəttə ki, hirslənərlər. Mən görmüşəm ki, azarkeşlər soyuq havalarda maykalarını çıxarıb komandalarını dəstəkləyiblər. Ömrümü "Neftçi”də çürütmüşəm, mən də əsəbimdən partlayırdım ki, niyə uduzublar. "Neftçi” niyə kubokda uduzmalıdır? Ona görə də, meydançanı tez şəkildə tərk etmək lazım idi. 

- Mütəxəssis kimi komandada hər hansı oyun üslubu, məşqçi işi, fərqli taktiki gediş görürsünüzmü?

- Açığı, heç vaxt məşqçilərin işinə qiymət vermirəm. Bu, mənim xüsusiyyətimə xas deyil. Ancaq "Neftçi”də hər hansı dəyişiklik görmürəm. Həmişə demişəm ki, futbolçuların fərdi bacarıqları hesabına qalib gəliblər. Özlərini yaxşı göstərən futbolçuların sayəsində qələbə qazanırlar. Lakin kollektiv şəkildə nəsə oyun görməmişəm. Nə güclü oyun keçiriblər, nə qalib gəliblər. Açığı legionerlər də çox zəif təsir bağışlayırlar. "Neftçi”yə yaraşan legionerlər deyillər, bunu açıq şəkildə deyirəm. Yusuf Laval gələndə ağızdolusu tərifləyirdilər. İndi yoxa çıxıb, meydançada gəzməklə məşğuldur. Gətirdikləri bütün legionerlər heç nə ilə fərqlənmir. Halbuki, "Neftçi”yə gələn əcnəbi nə iləsə fərqlənməlidir. Onlara hansı klubda oynadıqlarını başa salmaq lazımdır. Komandaya köməkləri dəyməlidir. Əfsuslar olsun, "Neftçi”nin legionerlərinin heç birinin köməyi dəymir. Heç birinin… Avroliqada bir az özlərini yaxşı tərəfdən göstərmək istədilər. Sonradan isə yavaş-yavaş yoxa çıxdılar. İndi yerlilərdən seçilmirlər.

- Buna səbəb nə ola bilər? "Qarabağ”a məğlubiyyət, çempionluğa ümidlərinin olmaması, ya başqa nəsə?

- "Qarabağ” güclüdür, bilirsiniz ki, səviyyəli legionerləri var. Oturuşmuş komandadır. Amma "Neftçi”nin futbolçularının səviyyəsi... Hər futbolçu yeni gələndə özünü göstərməyə çalışır. Ondan sonra yavaş-yavaş potensialları üzə çıxır. Bunlar da gələndə özlərini göstərdilər, tərif qazandılar, indi isə əsl gücləri üzə çıxıb. Bir də ki, bunlarda o istəyi görmürəm. Meydançaya qələbə əzmi ilə çıxdıqlarını, o hissləri, istəyi, 90 dəqiqə canlarını qoymalarını, vuruşmalarını görmürəm. Demirəm ki, hamını udacaqlar, uduza bilərsən, amma meydançaya çıxanda o yanğı görünmür. Nə mübarizə aparırlar, nə bir şey. Fikirləşirlər ki, alınar, alınar, alınmaz da alınmaz.

- Vaxtında maaşlarını alırlar, hər cür şərait yaradılıb. Bəs legionerlərdə bu məsuliyyətsizliyi yaradan səbəb nədir? Belə çıxır ki, klubun seleksiyaçı-məşqçiləri və rəhbərliyi bacarıqsızdır?

- Fikrimcə, maddi cəhətdən heç bir problemləri yoxdur. "Neftçi”də 15 il can qoymuşam, amma bir gün də işləməmişəm. Son vaxtlar eşitdiyimə görə, şərait yüksək səviyyədədir. Sadəcə, baş məşqçidən, prezidentdən, rəhbərlikdən tutmuş hər kəs futbolçulara harada oynadıqlarını başa salmalıdırlar. Fikrimcə, bunu futbolçulara çatdıra bilmirlər. İstəyərəm ki, "Neftçi” yaxşı olsun.

- Kluba gətirilən yeni Müşahidə Şurasında futboldan anlayışı olan yeganə şəxs Səməd Qurbanovdur. Belə şuradan gözünüz "su içir"?

- Əvvəlki Müşahidə Şurası demək olar, heç bir iş görmürdü. Gəlib oyunlara baxıb gedirdilər. Bütün işləri klubun prezidenti Kamran Quliyev həll edirdi. İndiki Müşahidə Şurasının sədri SOCAR-ın prezidenti Rövşən Nəcəfdir. "Neftçi”ni də fikrimcə, SOCAR maliyyələşdirir. Həm maliyyə dəstəyi olan şirkətin prezidentidir, həm də gənc və enerjilidir. Eşitdiyim görə, qış fasiləsində yaxşı komanda formalaşdırmaq istəyirlər. Amma Müşahidə Şurasının işi nədən ibarət olacaq, bilmirəm. Əvvəlki şuranın üzvləri kimi gəlib oyuna baxıb getmək düz alınmaz. Nəsə iş görmək lazımdır. 

- Ümumiyyətlə, futboldan anlayışı olmayan adamların Müşahidə Şurasında yer almasına münasibətiniz necədir? Onlar nəyi, necə müşahidə edə bilərlər? Məsələn, elm və təhsil naziri "Neftçi” üçün nə edə bilər?

- Onu bimirəm. Bəlkə elə işlər var ki, futbolçu olmasına ehtiyac yoxdur. Amma bu, futbol klubudur, düşünürəm ki, Müşahidə Şurasında da futbolçular olmalıdır. Düzdür, Səməd Qurbanov var, amma yenə də "Neftçi”nin keçmiş futbolçularından kimlərsə olmalıdır. 

- Ötən gün AFFA-nın 30 illiyinə həsr olunan, veteran futbolçuların da oynadığı bir yoldaşlıq matçı keçirildi. Ancaq siz oynamadınız. Bunun xüsusi səbəbi varmı?

- Mən də oradaydım, dəvət etmişdilər. Ancaq ürəyimə stend qoyulduğu üçün oynamadım. 57 yaşım var, buna baxmayaraq, meydançaya çıxdımsa, özümdən asılı olmayaraq qaçacağam. Tez-tez futbol oynayırıq, baxsaz, özünüz də görərsiniz. Son vaxtlar ürəyimdəki problemlərə görə meydançaya çıxanda gəzə-gəzə oynayıram. Düşündüm ki, meydana çıxsam qaçacağam, işləyəcəyəm, ona görə də, açığı, daha pis ola biləcəyindən qorxdum.

- Veteranların oyununa və Azərbaycan futbolunun indiki durumuna baxdınız. Nə fikirləşdiniz?

- Adamın cavanlığı yadına düşür. Fikirləşirəm ki, kaş o vaxtlar olaydı. Amma maliyyə dəstəyi indiki kimi olaydı. İnandırım sizi, indiki pullar o vaxt olsaydı, əvvəlki futbolçular xarici klublara səpələnərdi. Bütün Avropanı bürüyərdi. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->