Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü nəhayət, bitdi. ABŞ bir vasitəçi kimi bu proseslərdə nə az, nə də çox - düz on illərdir iştirak edir. Amma bu vaxta qədərki danışıqlar prosesindən yadda hələ doxsanıncı illərdə baş tutan Ki-Uest görüşləri, bir də ki, indiki danışıqlar qalıb.
Qeyd etmək lazımdır ki, Vaşinqton görüşlərinin sonunda nə pessimistlərin, nə də optimistlərin proqnozları doğruldu. Pessimistlər hələ danışıqlara bir-iki gün qalmış iddia edirdilər ki, Vaşinqton prosesinə heç bir ehtiyac yoxdur və o, bir neçə illər bundan əvvəl baş tutmuş Ki-Uest danışıqları kimi heç bir nəticə verməyəcək. Pessimist politoloq və təhlilçilərin bu xüsusda iki əsas arqumenti vardı.
Birincisi, məlumdur ki, Bakı ilə İrəvan arasında intensiv təkliflər mübadiləsi gedir və sonuncu belə mübadilə Vaşinqton görüşü ərəfəsində baş vermişdi – belə ki, İrəvan Bakının təkliflərini öz qeydlərilə birlikdə məhz bu görüş ərəfəsində geri qaytarmışdı.
Pessimistlərin ikinci arqumenti budur ki, ABŞ həm bölgədə, həm də münaqişənin strukturunda Rusiya qədər real imkanlara malik deyil və bu səbəbdən də Moskvanın arxasında iş görmək cəhdləri heç bir nəticə verməyəcək və hətta hər hansı irəliləyiş olarsa və onlar Kremlin maraqlarına cavab verməzsə, bütün bunlar Vaşinqton görüşündən sonra baş tutacaq Moskva prosesində sıfırlanacaq.
Optimistlər isə başqa cür düşünürdülər. Onlar çox ümidli idilər və belə hesab edirdilər ki, Vaşinqton görüşündə sülh sazişi imzalanmasa belə, ciddi irəliləyişlər olacaq. Prosesin gedişində ABŞ dövlət katibi Entoni Blinkenin deməsi ki, biz təkcə görüşlər üçün əlverişli atmosfer yaratmağı deyil, həm də ciddi nəticələr almağı planlaşdırırıq, onları bir az da ruhlandırırdı. Optimist təhlilçilər ona görə ümidli idilər ki, hazırda ABŞ-la Rusiya arasında ciddi qarşıdurma yaşanır və Vaşinqton Rusiyanı həm də Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır...
Amma görüşün nəticəsi nə oldu? Bir tərəfdən sülh sazişilə bağlı ciddi razılıq əldə olunmadı, digər tərəfdən isə ABŞ dövlət katibi bəyan etdi ki, bir neçə istiqamət üzrə ciddi razılaşmalar əldə olunub və danışıqları davam etdirməyə dəyər. Razılaşmların əldə olunduğu istiqamətlər hansıdır – çox təəssüf ki, bu səmtdə yalnız təxmin etmək lazım gəlir və dəqiq heç nə bilinmir...
Görüşlərin gedişində erməni baş naziri dedi ki, əgər iyunun birində Bakı ilə İrəvan arasında sülh sazişi imzalanarsa, o, buna çox şad olar. Buradan çıxan əsas nəticə bu idi ki, Vaşinqton görüşündən bunu gözləməyə dəyməz. Amma ortada bir ayın söhbəti vardı. Ona görə də təhlilçilər erməni baş nazirinin bu sözlərində ziddiyyətlər axtarmağa girişdilər, gəl, burada ziddiyyət yoxdur – Paşinyan sülhün tamam əleyhinə deyil, amma o, bunun Ermənistanın maraqları və tələbləri nəzərə alınmaqla əldə olunmasını istəyir.
O ki qaldı danışıqlarda hansı məsələlərin problem yaratmasına, bunlar güman edirik ki, Dağlıq Qarabağ ermənilərinə veriləcək status və bir də Zəngəzur dəhlizi ola bilər. Təkcə Rusiya yox, hətta ABŞ da israr edir ki, separatçı bölgənin erməni əhalisinə müəyyən status verilsin. Nə demək olar bu xüsusda? Biz amerikalılara da, ruslara da bir söz deməliyik. Birincisi, Dağlıq Qarabağın ermənilərinə yalnız onların soydaşlarının ABŞ-da və Rusiyada malik olduqları hüquqları verə bilərik– bəli, söhbət yalnız insan və vətəndaş hüquqlarından, bir də mədəni haqlardan gedə bilər.
Bəlli olduğu kimi, ABŞ-da və Rusiyada yüz minlərlə erməni yaşayır, amma onların heç bir muxtariyyatı yoxdur. Həm də Azərbaycanda ermənilər kimi onlarla etnik qrup yaşayır və onların bir qisminin sayı hətta ermənilərdən bir neçə dəfə çoxdur. Belə olan təqdirdə, niyə görə ermənilər xüsusi, əlahiddə hüquqlara malik olmalıdırlar?
O ki qaldı Zəngəzur dəhlizinə, güzəştlər də simmetrik olmalıdır. Əgər ermənilərə Laçından dəhliz verilirsə, niyə Zəngəzur yol olmalıdır?
Hüseynbala Səlimov
Şərhlər