TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTYM) narkotik istifadə edən sürücüsünə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1971-ci ildə Bakı şəhərində anadan olmuş V.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb.
Araşdırma zamanı məlum olub ki, V.D. Bakı–Sumqayıt yolunda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması ilə bağlı şübhə yarandığından Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılıb.
Müayinə nəticəsində V.D.-nin psixotrop maddə istifadə etdiyi müəyyən edilib. O, Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında metamfetamin qəbul etdiyini etiraf edib.
Məhkəmədə ifadə verən V.D. əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə V.D. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimələnib. O, məhkəmə zalından dərhal azad edilib.
Bundan əlavə, məhkəmənin qərarı ilə V.D. barəsində narkomaniyadan məcburi müalicə tədbiri də təyin olunub.
Aydın
Şərhlər