Xəbər lenti

Qərb Gürcüstandakı seçkiləri tanıyacaq? (ŞƏRH)
Dünya 14:35 28.10.2024

Qərb Gürcüstandakı seçkiləri tanıyacaq? (ŞƏRH)

"Qərbin Gürcüstandakı seçkiləri tanıyıb-tanımayacağı ölkədəki daxili vəziyyətdən asılı olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Gürcüstanda keçirilən seçkilərin ölkədə nəyi dəyişəcəyini, Qərbin ona münasibəti və seçki sonrası prosesin necə cərəyan edəcəyini şərh edərkən deyib.

Arif Əliyev qeyd edib ki, Qərb seçkilərə öz münasibətini artıq bildirib. Onun seçkiləri tanıyıb-tanımayacağı Gürcüstanın özündəki daxili vəziyyətdən asılı olacaq: 

"Gürcüstanda bütün proseslər dinc yolla, sakit gedəcəksə, Qərbin mövqeyində hansısa kəskinliyi gözləmək lazım deyil. Amma daxildə proseslər güc tətbiqi yolunu alacaqsa, bu halda Qərb də kəskin hərəkətlər edə bilər".

Ekspert hesab edir ki, Gürcüstandakı vəziyyətə təsir etmək istəyən çoxsaylı xarici qüvvələr var: 

"Ümid edirəm ki, Gürcüstanda daxili qüvvələr ayıq-sayıq davranacaqlar. Çünki hər hansı bir qarşıdurmaya meyl olarsa, ona təsir etmək istəyən xarici qüvvələr həddən artıq çoxdur. Bu qüvvələr həm uzaqda, həm də yaxında var. Hansı ki, bu da həm Gürcüstanın özünə, həm də yaxın ətrafa ciddi ziyanlar gətirər".
 


Ekspert düşünür ki, hakimiyyət hər halda ehtimal edilə biləcək qarşıdurmanın qarşısını almağa hazırlıqlıdır:

"Hər şey etiraz aksiyalarının dinc formada keçirilməsi, yoxsa güc tətbiq etməklə inqilab cəhdlərinin olub-olmamasından asılıdır. Çünki müxalifətin belə seçkini uduzmasına baxmayaraq, dinc yolla mübarizəni davam etdirmək imkanları tüknməyib. Gürcüstan qanunları da indiki vəziyyətdə buna imkan verir. Müxalifət parlamenti boykot etməklə hökumətin fəaliyyətini iflic etmək yolunu da tuta bilər. Amma digər mübarizə formalarına çağırışlar da səslənir. Bu da çox təhlükəlidir. Buna baxmayaraq, həmin ssenarilərə Gürcüstan hökuməti də müəyyən hazırlıqlar görüb". 

Həmsöhbətimizin fikrincə, Gürcüstanda müxalifət zəifləsə də, onun da müəyyən şansları var:
 
"İqtidar qələbə çalsa da, bu konstitusion çoxluq deyil. Gürcüstandakı müxalifət nə qədər zəifləsə də, onun müəyyən şansları da var. Prezident kürsüsündə olan şəxs müxalifəti dəstəkləyir. Digər vəzifəli şəxslərdən dəstəkləyən qruplar da var. İri şəhərlərdə müxalifət kifayət qədər yüksək nəticə göstərib. Ölkə həmçinin beynəlxalq əlaqələrə daha açıqdır ki, bu da müxalifət üçün əlavə üstünlükdür. Digər tərəfdən, hakim partiya konstitusion çoxluq yarada bilmədiyindən bir çox məsələləri həll etməkdə çətinlik çəkəcək". 

Arif Əliyev iri şəhərlərdə müxalifətin, regionlarda isə iqtidarın üstün olmasının səbəbini informasiya mübadiləsinin əsasən şəhərlərdə daha geniş yayılması ilə əlaqələndirıb:

"Türkiyədən tutmuş Şərqə yaxın digər ölkələrdəki anoloji situasiyaya baxsaq, görərik ki, bu ölkələrdə hakimiyyətin mövqeyi regionlarda həmişə daha güclü olub. Etiraz potensialı, ziyalı təbəqəsi əsasən paytaxt və iri şəhərlərdə toplaşdığından, həm də informasiya mübadiləsi şəhərlərdə daha geniş yayıldığından həmin məkanlarda müxalifətin gücü həmişə çox olub. Regionlarda iqtidarın üstün olması isə əhalinin səviyyəsi, psixoloji vəziyyətilə bağlıdır. Hakimiyyət regionlarda adminstrativ resurslardan daha çox istifadə etmək imkanına malikdir. Regionlarda informasiya mənbələrinin əksəriyyəti də hakimiyyətin əlindədir. Bu vəziyyətə milli azlıqların kompakt şəkildə bölgələrdə yerləşməsinin də təsiri var". 

Qeyd edək ki, Gürcüstandakı parlament seçkilərində hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası səslərin 54 faizini qazanıb. Onun 150 deputatlıq parlamentdə 88 yerə sahib olacağı gözlənilir. 

"Dəyişiklik üçün Koalisiya" 10,822 faiz səslə 19 yerə, Birlik-Milli Hərəkat Partiyası 10,105 faizlə 16, Güclü Gürcüstan Partiyası 8,758 faizlə 14 və Gürcüstan üçün Qaxariya Partiyası 7,753 səs toplamaqla 13 mandata sahib olacağı gözlənilir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->