Gəncə təmsilçisi "Kəpəz” tarixinin heç də yaxşı günlərini yaşamır. Bəli, özü də söhbət təkcə bu mövsümdəmn getmir. 3000 metrdən çox hündürlüyü olan zirvənin adaşının qələbələri sıraladığı, Azərbaycan çempionatında hegemonluq etdiyi günlər çoxdan keçmişdə qalıb.
Uzun müddət heç ölkə çempionatının yuxarı dəstəsində, yəni Premyer Liqada Gəncə komandası olmadı. Buna görə də AFFA xeyli tənqid olundu. Futbol ənənələri ilə öyünən bir şəhər, Azərbaycan futboluna neçə-neçə adlar bəxş etmiş Gəncə necə "böyük futbol”a həsrət qala bilərdi? Adları sadalayıb, təkrarlçılıq etmək istəmirəm. Bu şəhərdən çıxan istedadlı futbolçular Azərbaycan futbolu ilə maraqlanan hər kəsə yaxşı tanışdır.
Tənqidlərdən nəticə çıxaran AFFA məcbur qalıb "Kəpəz”i öz himayəsinə götürdü, komanda bərpa edildi, güc-bəla ilə onu Premyer Liqaya çıxartdılar. Amma Premyer Liqada oynayan təkcə "Kəpəz”in adıdır. İndi bu komandanın əzəmətindən, gücündən əsər-əlamət qalmayıb. Gözünü AFFA-dan, daha doğrusu, dövlətdən ayrılan pullara dikən komanda günü-günə calayır, "Gəncədə futbol var, "Kəpəz” çempionatda oynayır” deyiminin xatirinə meydana çıxır. Heç də təsadüfi deyil ki, ilk turdan üzü bəri "Kəpəz” turnir cədvəlinin zirzəmisinə dəmir atıb, ordan heç cür xilas ola bilmir.
Əslində, "Kəpəz” Premyer Liqanı ötən mövsümün sonunda tərk etməliydi. Komandanın heyəti elitanın tələblərinə cavab vermirdi, "sarı-göylər” rəqibləri üçün asan xal mənbəyi idi. Amma gözlənilən baş vermədi. Çünki "Qəbələ” bərbad çıxış etdi. Həlledici məqamda bir qədər də hakim səhvlərinin müşayəti ilə "Kəpəz” "Qəbələ”ni üstələdi və sonuncu pillədən qurtulmaqla elitadakı yerini qoruya bildi. Ötən mövsüm olanlar keçmişdə qalıb, indi onları yenidən araşdırmaq fikrində deyiləm. Görünən odur ki, ötən mövsüm gözlənilən ssenari bu mövsümün sonunda gerçəkləşəcək və "Kəpəz” elitayla vidalaşmalı olacaq.
Düzdür, çempionatın reqlamenti dəyişsə, "Kəpəz” Premyer Liqada qala bilər. Azərbaycan futbolunun reallıqlarını bilənlər yaxşı başa düşür ki, AFFA-dan hər cür qərar gözləmək mümkündür. Hazırkı qaydalara əsasən isə "Kəpəz” birinci diviziona getməlidir. Necə ki, "Kəpəz”dən qat-qat yaxşı infrastruktura malik "Qəbələ” ötən mövsüm elitanı tərk edib və hazırda aşağı divizionda oynayır. Möcüzə baş verməsə, həm tale bu mövsüm "Kəpəz”i gözləyir.
Amma kiçik də olsa, ümid var. Məsələ ondadır ki, Azər Bağırovun gəlişindən sonra "Kəpəz” də inkişaf meylləri hiss olunur. "Neftçi” üzərində qazanılan qələbə, "Sabah”ın qapısına vurulan qollar Gəncə təmsilçisi üçün zəif də olsa, ümid işığı yaradır. "Səbail”lə "Sumqayıt” da qeyri-sabit çıxış edir, bu iki komanda ilə xal fərqi cəmi dördə bərabərdir. Mövsümün sonuna isə hələ çox var. Deməli, "Kəpəz”in azı riyazi baxımdan bu iki komandadan birini, bəlkə ikisini də üstələmək şansı var. Lakin sanki hansısa gizli əl bundan ehtiyat edir, "Kəpəz”in önünü kəsmək üçün müəyyən önləyici tədbirlər görülür.
Dünən keçirilən "Turan Tovuz” – "Kəpəz” qarşılaşmasındakı hakim idarəçiliyi belə şübhələri gücləndirdi, Azərbaycandakı futbol hakimlərinin ədalətli oyun prinsiplərindən sürətlə uzaqlaşdığını bir daha göstərdi. "Kəpəz” "qərb derbisi”ndə azı 1 xala layiq idi. Veysəl Rzayevin 15-ci dəqiqədə hesabı açdığı epizodda "tanrının əli” Tovuzda "peyda oldu”. "Kəpəz” bərabərliyi yaxaladıqdan sonra isə Rauf Allahverdiyevin rəhbərlik etdiyi briqadanın qərarları birmənalı olaraq meydan sahiblərinin xeyrinə oldu. Belçikalı mütəxəssis Frank de Blekerin Allahverdiyevin qərarlarına hansı don geyindirəcəyi heç maraqlı deyil, biz bu cür "malalama”lardan çox görmüşük.
Ortada danılmaz bir həqiqət var ki, ondan danışmalıyıq. Konkret olaraq dünənki qarşılaşmada hakimlər "Kəpəz”in haqqını yedilər. Ümid edək ki, hakimin şübhəli davranışları qərəz və ya sifarişdən deyil, bacarıqsızlıqdan irəli gəlirdi.
Amal Abuşov
Şərhlər