İdman 19:01 03.12.2021

"Qızl top"u qazana bilməyən Levandovskiyə "Duz top" veriləcək

Duz hasilatı ilə tanınan Polşanın kiçik şəhəri Veliska Robert Levandovskinin üzündə təbəssüm yaradacaq bir mükafat təqdim etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu il əsas namizədlərdən sayılsa da "Qızıl top”u qazana bilməyən Levandovskiyə təsəlli kimi duzdan hazırlanmış top hədiyyə ediləcək. Əvvəlcə zarafat kimi təklif edilən, indi isə həqiqətən verilməsi gözlənilən mükafatla polşalı futbolçu bu ilin ən yaxşısı seçiləcək. 

Tarixən duz hasilatı ilə tanınan Veliska "Ballon d'Or"un nəticəsini kobud ədalətsizlik kimi qiymətləndirib və hər şeyi yoluna qoymaq üçün əlindən gələni edəcəyinə söz verib. Bu haqda şəhər şurasının üzvü Kamil Jastrzebski "Twitter"də bildirib:

"Robert Levandovski haqsızlıqların qurbanı olub. Ona görə də mən Veliska sakini kimi şəhərin simvolu sayılan Levandovskinin dünyanın ən yaxşı futbolçusu elan olunmasını təklif edirəm. Veliska Robertin əhvalını yüksəltmək və onun dünyanın bir nömrəli oyunçusu kimi tanıtmaq üçün simvolik bir şey edəcək. Levandovskiyə "Duz topu" vermək istəyirik. Əvvəllər duza ağ qızıl deyirdilər. Deməli, onun da tarixi və coğrafi əsası var. İnfilyasiya və ümumi böhrana baxmayaraq, Veliska kifayət qədər duz istehsal etmək gücünə malikdir".

Polşalı hücumçu "Qızıl top" mükafatını Messiyə uduzanda bu qərarın son dərəcə mübahisəli olduğu bildirildi. Bir çox oyunçu, o cümlədən onun "Bavariya"dakı komanda yoldaşı Tomas Müller, mükafatı məhz Levandovskinin almalı olduğunu söyləyib. Hətta, Messi özü də Levandovskinin bu müakafata layiq olduğunu bildirib. O, 2020-ci ildə pandemiya səbəbindən təxirə salınan "Qızıl top" mükafatının məhz Levandovskiyə verilməsini təklif edib. 

Səbuhi Həsənov