Xəbər lenti

"Uşaqlara dini adlar qoyulması əsasən din amilinə bağlıdır" -Sosioloq
Ölkə 17:11 01.09.2016

"Uşaqlara dini adlar qoyulması əsasən din amilinə bağlıdır" -Sosioloq

Ötən il ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında dini adlar yenə də üstünlük təşkil edib. Belə ki, il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Bundan başqa dini adlardan Fatimə, Zeynəb, Xədicə, Mədinə, Mələk, Məryəm adları populyarlığını saxlayıb.

Azərbaycanda son illər dini adlara meylin artması nə ilə bağlıdır? Sosioloq Cavid İmamoğlu Qaynarinfo.Az-a bildirib ki, bu adlara əsasən inanclı kəsim üstünlük verir: 

"Sovet quruluşu dağıldıqdan sonra, Azərbaycanda islam dini populyarlaşmağa başlayanda bu prosesin tərkib hissəsi kimi insanlar uşaqlarına dini şəxsiyyətlərin adlarını verməyə, bununla da illərlə uzaq düşdükləri inanca qayıtdıqlarını bəyan etməyə çalışırdılar. Sonrakı illərdə bu dəb halını aldı. Bununla belə, orta statistik azərbaycanlı da ənənəvi olaraq, bu cür adları münasib bilir. Bütün bunların kökündə həmin adların sahiblərinə qarşı insanların rəğbəti durur. Yəni, hər hansı bir dini şəxsiyyətə hörməti olmayan adam uşağına onun adının qoyulmasına imkan verməz. Bu, birmənalıdır".

Cavid İmamoğlu bildirib ki, islam dininin özünün bu cür adların qoyulması ilə bağlı xüsusi göstərişləri var:"Bu cür adları qoymaq dinin şüarlarını yaşatmaq anlamına gəlir. Çünki dinin şüarlarını yaşatmaqdan biri uşaqlara gözəl adlar qoymaqdır. Bəzi qruplar bu cür adların qoyulmasını ərəbləşmək kimi şərh edirlər. Bu cür yanaşmaq doğru deyil. İslam dini ilə ərəbləşmək arasında fərq qoya bilmək lazımdır. O adlar ərəb adları olduğu üçün yox, islam dininin öndə gedən şəxsiyyətlərinin adları olduğu üçün gözəl adlar hesab olunur".

Sosioloq deyib ki, uşaqlarına dini ad qoyan elə insanlar var ki, onlar dinin başqa heç bir şərtinə əməl etmir: "Bununla sanki o insanlar islam dininə daxillərindəki rəğbətlərini büruzə vermiş olurlar. İstənilən halda uşaqlarına dini adlar qoyan insanların böyük əksəriyyəti bunu dinə xoş münasibətdən edir. Yəni, peyğmbərləri, imamları qəbul etməyən ateist düşüncəli bir insanın övladlarına dini adlar qoyması az hallarda rast gəlinə bilər. Azərbaycanın əhalisinin əksər hissəsi islam dininə inanır və bu ölkədə Əli, Məhəmməd, Zəhra kimi adların geniş yayılması təəccüblü olmamalıdır". 

Sosioloq bildirib ki, bu prosesi süni şəkildə idarə etmək mümkün deyil. "Sadəcə olaraq dilçilər, ədəbiyyatçılar dövriyyəyə yeni adlar çıxara bilərlər. Bu, adların rəngarəng seçimini nisbətən təmin edə bilər. Amma köklü halda dəyişiklik yaratmayacaq".

Qızılgül

Qaynarinfo.Az

--> -->