"Samir Vəliyevin fikirlərində bir həqiqət var, uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deputat Samir Vəliyevin "Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət tətbiq edilməlidir" fikirinə münasibət bildirərkən deyib.
Sədr deputatın bəzi fikirləri ilə razılaşmadığını da bildirib. Kəmalə Ağazadənin sözlərinə görə, bu mövzuda tam qadağa deyil, yaşa uyğun tənzimləmə daha doğru yanaşmadır. Lakin o, uşaqların internetə ümumilikdə çıxışının məhdudlaşdırılmasının doğru olmadığını vurğulayıb:
"Müasir dövrdə təhsil və tədris prosesinin böyük hissəsi internet üzərindən aparıldığı üçün bu sahədə tam qadağa tətbiq etmək mümkün deyil. Uşaqlara internet məhdudiyyəti qoyulmamalıdır. Çünki bu gün onların təhsil prosesi əsasən onlayn platformalar vasitəsilə həyata keçirilir. Bu səbəbdən internetə çıxışın ümumilikdə məhdudlaşdırılması düzgün yanaşma deyil".
Kəmalə Ağazadə həmçinin sosial şəbəkələrin uşaqlar üzərindəki təsirlərinə diqqət çəkib. Sədr bu mövzuda keçirilən müzakirələri xatırladaraq bildirib ki, yaşa uyğun tənzimləmələr zəruridir:
"Dekabr ayında bu istiqamətdə geniş konfrans keçirilib. Sosial şəbəkələrdə uşaqların aqressiv davranışlara meyillənməsi, ailə dəyərlərinə laqeydlik və ümumi biganəlik kimi problemlər müzakirə olunub. Bütün bunlar uşaqların formalaşmasına ciddi təsir göstərir və bu səbəbdən yaş həddinə uyğun məhdudiyyətlər zəruridir".
Qeyd edək ki, Milli Məclisin deputatı Samir Vəliyev Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa deyil, məhdudiyyətlərin tətbiq edilməsini təklif edib və bu istifadəyə nəzarətin vacibliyini vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər