Cənubi Qafqaz son illərdə sürətli və çoxşaxəli geosiyasi dəyişikliklər mərhələsinə daxil olub. Regionda formalaşan yeni reallıqlar ənənəvi təhlükəsizlik və güc balansı anlayışlarını dəyişdirərək diqqəti ərazi nəzarətindən daha çox marşrutlar, nəqliyyat dəhlizləri və infrastruktur sistemləri üzərində rəqabətə yönəldir. Bu proses həm regional aktorların mövqelərini yenidən müəyyənləşdirir, həm də Cənubi Qafqazın qlobal iqtisadi və siyasi sistemlərə inteqrasiya səviyyəsini artırır.
Gürcü politoloq Paata Zakareişvili bildirib ki, Cənubi Qafqaz hazırda sürətli geosiyasi transformasiya mərhələsindən keçir (Bakı-Xəbər). Onun fikrincə, bu yeni reallıq Cənubi Qafqazda güc balansını yenidən formalaşdırır: Azərbaycan getdikcə regional mərkəzi qovşaq rolunu gücləndirir, Ermənistan isə dəyişən şəraitə uyğunlaşaraq Rusiyadan asılılığını azaltmaq yolları axtarır. Türkiyə regionun yeni geosiyasi arxitekturasında əsas formalaşdırıcı aktor kimi çıxış edir, Rusiya və İran isə prosesləri məhdudlaşdırmağa çalışır. Gürcüstan isə hələlik strateji qeyri-müəyyənlik vəziyyətində qalır.
Zakareişvili vurğulayıb ki, Cənubi Qafqaz uzun müddət münaqişələr, dondurulmuş böhranlar və xarici təsir zonası kimi qəbul olunub. Lakin yeni mərhələdə vəziyyət dəyişir: Azərbaycan artıq təkcə ərazi deyil, regionda axınların - logistika, enerji və kommunikasiya xətlərinin istiqamətini müəyyən edən əsas aktorlardan birinə çevrilir. Bu isə ölkəni təkcə iştirakçı yox, həm də yeni regional düzənin formalaşdırıcı gücünə çevirir.
Qeyd edək ki, Azərbaycanın xarici siyasəti praqmatik balans üzərində qurulub. Türkiyə ilə strateji müttəfiqliyə baxmayaraq, Bakı Rusiya, Qərb və İsrail kimi fərqli güc mərkəzləri ilə münasibətləri paralel şəkildə tənzimləyərək öz strateji müstəqilliyini qorumağa çalışır. Bu yanaşma onun hər hansı bir gücdən asılılığını minimuma endirir və regional mövqeyini daha da möhkəmləndirir.
Araşdırmaçılar hesab edirlər ki, Cənubi Qafqazda güc anlayışı tədricən dəyişir. Əvvəllər əsas faktor əraziyə hərbi-siyasi nəzarət idisə, indi bu, marşrutlar, nəqliyyat xətləri və enerji infrastrukturuna nəzarətlə əvəz olunur. Bu dəyişiklik regionu klassik "sərhəd münaqişələri məkanı”ndan "tranzit və bağlantı mərkəzinə” çevirir. Nəticədə güc balansı torpaq üzərində üstünlükdən daha çox iqtisadi və logistik axınları idarə etmək qabiliyyətinə keçir.
Analitiklərin fikrincə, Azərbaycanın tranzit və enerji mərkəzinə çevrilməsi ölkəyə ciddi strateji üstünlüklər qazandırır. Bu, onun beynəlxalq mövqeyini gücləndirir, müxtəlif regionlar arasında körpü rolunu artırır və iqtisadi imkanlarını genişləndirir. Lakin eyni zamanda bu status ölkəni böyük güclərin rəqabət meydanına çevirir. Dəhlizlərin təhlükəsizliyi, regional sabitlik və xarici təzyiqlər kimi risklər də artır. Yəni Azərbaycan həm daha güclü aktora çevrilir, həm də daha həssas geosiyasi mərkəzə.
Siyasi müşahidəçilər əmindirlər ki, regionda ənənəvi təhlükəsizlik arxitekturası zəiflədikcə, daha çevik və çoxşaxəli ittifaq modelləri yarana bilər. Ermənistan Rusiyadan uzaqlaşaraq Qərblə balans siyasəti aparmağa çalışır, lakin tam inteqrasiya çətindir.
Gürcüstan isə Qərbə inteqrasiya xəttini saxlasa da, təhlükəsizlik və iqtisadi reallıqlar onu qeyri-müəyyən mövqedə saxlayır. Bu şəraitdə sabit bloklardan çox, enerji, tranzit və təhlükəsizlik sahələrində dəyişən əməkdaşlıq formatları formalaşır. Xüsusilə Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xətti və Qərblə əlaqəli paralel formatlar diqqəti cəlb edir.
Siyasət şöbəsi
Şərhlər