Yer kürəsinin dərinliklərində, planetin nüvəsində baş verən proseslər alimlərin əvvəlcə mümkün olmadığını düşündüyü bir həqiqəti üzə çıxarıb: Yer kürəsinin nüvəsi qızıl və digər qiymətli metalları səthə doğru ötürür.
Qaynarinfo Earth.com-a istinadən xəbər verir ki, Yer qabığının və qaynar mantiya qatının altında təxminən 3000 kilometr dərinlikdə böyük qızıl və rutenium ehtiyatları mövcuddur və bu ehtiyatların əlçatmaz olduğu düşünülürdü. Lakin yeni tədqiqatlar bu maddələrin artıq səthə doğru hərəkət etdiyini göstərir.
"İlk nəticələr gəldikdə anladıq ki, sözün əsl mənasında qızıl tapmışıq. Məlumatlarımız göstərdi ki, nüvədən gələn material, o cümlədən qızıl və digər qiymətli metallar Yer mantiyasına sızır”, deyə Göttingen Universitetindən doktor Nils Messlinq bildirib.
Alimlər bu "qızıl axınının” izlərini Havay adalarındakı vulkanik lavalarda aşkar ediblər. Məlumata əsasən, milyonlarla ildir dərinlikdə qalan metallar vulkan püskürmələri vasitəsilə yuxarı qatlara çıxır.
Professor Matias Villboldun sözlərinə görə, ərimiş süxurlar bu qiymətli elementləri səthə daşıyır və nəticədə okean adalarının formalaşmasına təsir göstərir.
"Bizim nəticələr göstərir ki, Yer kürəsinin nüvəsi əvvəllər düşünüldüyü qədər izolyasiya olunmuş deyil. Eyni zamanda, mantiyanın nüvə ilə sərhədində yaranan həddindən artıq qızmış material kütlələri səthə doğru yüksəlir”, deyə o qeyd edib.
Mütəxəssislər bildirirlər ki, bu proses insan ömrü ilə müqayisədə son dərəcə yavaşdır, lakin milyonlarla il ərzində böyük miqdarda qızıl və digər metalların səthə daşınmasına səbəb ola bilər.
Araşdırmada qeyd olunur ki, bu gün smartfonlar və tibbi cihazlarda istifadə edilən bəzi metallar da qədim dövrlərdə Yer kürəsinin dərin qatlarından formalaşmış ola bilər.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu kəşf "qızıl qazanmaq üçün vulkanlara qaçmaq” anlamına gəlmir. Hazırkı metal axını yeni qızıl "hərisliyi” yaradacaq qədər güclü deyil və bu, daha çox Yer kürəsinin 4,5 milyard illik geoloji tarixini anlamağa kömək edən elmi hadisədir.
Aydın
Şərhlər