Xəbər lenti

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi
Ölkə 12:59 24.04.2026

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi

Baş nazirinin müavini, Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib və iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

Qaynarinfo bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Xatırladaq ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunur, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Kürdə illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində çayın üzərində yerləşən su anbarları sistemi Komissiyanın nəzarətində saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları - Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.

Agentliyin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz, təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün tədbirlər görüldüyü qeyd edilib.

Sonda Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.
--> -->